• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 31.10.2014 17:58

Ağcabədi rayonunda ev partlayıb, 3 nəfər xəsarət alıb

Ağcabədi rayonunun Salmanbəyli kəndində evdə qaz sızması səbəbindən partlayış baş verib. 1-i azyaşlı olmaqla, 3 nəfər xəsarət alıb.

Ağcabədi rayonunun Salmanbəyli kəndində yaşayış evində qaz partlayışı qeydə alınıb. Belə ki, Bayramovlara məxsus bu evdə baş verən partlayış zamanı ailə üzvlərindən 3 nəfəri müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı xəsarət alan Nübar, Səhər və  İsa Bayramovlar əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Burada onlara ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərinə yola salınıblar. Xəsarət alanlardan azyaşlı İsa Bayramovun yanıqları daha çox olub.

Hadisənin şahidləri dediklərinə görə, evə qaz dolub. Bundan xəbərsiz olan evin sahibləri elektrik lampasını yandıranda partlayış baş verib.

Bildirildiyinə görə, sızma təkcə Məhəmməd Bayramova məxsus evdə deyil, Ağcabədi rayonunun Salmanbəyli kəndini qazla təmin edən ümumi xəttdə var. Buna görə də, həmin ərazidə buna oxşar hadisələrin baş verə biləcəyi ehtimalı qalmaqdadır.