• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2151
— 31.10.2014 18:14

Bakıda 2 yol qəza hadisəsi baş verib, 8 nəfər yaralıdır

Bakının Binəqədi və Sabunçu rayonlarında yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 8 nəfər ağır bədən xəsarətləri alıb.

Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 92 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yol kənarında dayanan "MAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində "İVECO" markalı sərnişin avtobusunda olan Zemfira Əmrahova, Huseyin İsmayılov, Zərifə Məmmədova, Günay Zeynalova və avtobusun sürücüsü 37 yaşlı Eyvaz Hüseynov deformasiyaya uğramış avtobusdan çıxarılaraq xəstəxanaya yerləşdiriliblər.

Bakının Sabunçu rayonu ərazisində isə 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Zabrat qəsəbəsində qeydə alınıb. Balaxanı qəsəbəsinə dönmək istəyən "VAZ-2107" qarşıda dayanan eyni markalı avtomobilə arxadan çırpılıb. Bundan sonra qarşı yola çıxan "VAZ-2107" "Hyundai" markalı maşınla toqquşub. Qəza nəticəsində "Hyundai"nin sürücüsü, 22 yaşlı Səddam Mollazadə, eləcə də, "VAZ-2107"nin sürücüsü, 31 yaşlı Namiq Mikayılov və sərnişin, 32 yaşlı Natiq Hüseynov xəsarət alıblar. Hər üç yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.