Bu günə xəbərlərin oxunma sayı: 928
— 13.02.2017 13:47

Yaradılan ailə kəndli təsərrüfatlarından yaxşı nəticələr əldə olunur

Fermerlər xaricdən gətirilən cins heyvanlar vasitəsilə həm daha sağlam balaya, həm də daha keyfiyyətli südə sahib olurlar. Nəticələr fermerlərin ürəyincədir.

Güzəştli şərtlər əsasında lizinq yolu ilə 18 baş cins damazlıq heyvan alan bərdəli fermer Sabir Hüseynov bu sahənin qazanc əldə etmək üçün əlverişli olduğunu deyir. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Almaniya və Avstriyadan gətirilərək ailə təsərrüfatlarına verilən cins heyvanlar istər südlük, istərsə də ətlik üçün yerli mal-qaradan daha faydalıdır.

Sabir Hüseynov-fermer: “Ümumiyyətlə, bunun görkəmi də, çəkisi də hər tərəfli sahədə yaxşıdır. O vaxt bunlar gələndə hər biri 4 aylıq, 5 aylıq, eləsi var idi 3 aylıq boğaz gəlmişdi. Sonradan biz malqaraya qulluq elədik, vaxtı çatanda da balalarını verdi. Bunların üstün tərəfi də budur ki, bunların hər biri 18-25 litr süd verir. Orta hesabla götürəndə 22 litrə gəlib çıxır”.

Təsərrüfatçının sözlərinə görə, həmin heyvanların südünün yağlılığı da çoxdur. Ötən il fermerin təsərrüfatına 18 baş iribuynuzlu heyvan verilib. İndi həmin heyvanlardan 18 baş bala alınıb. Fermer əldə olunan balaları nəsil artırmaq üçün saxlayacağını deyir.

Sabir Hüseynov-fermer: “Keçən il 18 inəkdən 18 bala almışıq. Bu ildə iki inəkdən ikinci dəfə yenidən təkrar doğub, iki inəkdən 3 bala almışıq. Yəni biz çalışacağıq ki, bunun nəslini cinsini artıraq. İndi bu dəqiqə hal-hazırda onlardan olan dişi balaları saxlayacağıq damazlıq üçün. Gələcəkdə nəsli cavanlaşdırmaq üçün”.

Yerli heyvanlarla müqayisədə onlardan daha çox qazanc götürmək mümkündür. İstənilən hava şəraitinə dözümlü olan bir yaşında cins heyvanın diri çəkisi 500-ə çatır. Yerli cinslərdə isə bu göstərici 160 kiloqram olur. Qeyd edək ki, müvafiq sərəncama əsasən, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində pilot layihə həyata keçirilib. Layihə çərçivəsində Bərdədə 27 ailə kəndli təsərrüfatı yaradılıb.

Elçin Baxşalızadə