Bu günə xəbərlərin oxunma sayı: 832
— 09.02.2017 16:20

Gəncədə vitraj ilə mozaikanın sintezindən əmələ gələn yeni sənət maraq doğurur

KepezTV Player

Rəngbərəng şüşə qırıqları və bundan yaranan incəsənətin yeni bir növü. Vitraj ilə mozaikanın sintezindən əmələ gələn bu sənət Gəncədə tədris də edilir və tələbələrin marağını cəlb edib.

Könül Abbasova -tələbə: “Özüm Göygöl rayonunda yaşayıram. Bu sənətə həvəsim uşaqlıqdan idi. Özüm şəkillər çəkirdim. Tale elə gətirdi bu universitetə qəbul oldum. Burada da Şaiq müəllimlə tanış oldum. Şaiq müəllim də bizə vitraj sənəti ilə işləməyi öyrətdi”.

Gəncə Dövlət Universitetinin tələbələri sənətin sirlərini Təsviri İncəsənət Kafedrasında çalışan əməkdar rəssam Şaiq Məmmədovdan öyrənir. Artıq 40 ilə yaxındır şüşə qırıntılarından əsərlər yaradan professor həndəsi, bitki formalı natrümort, gül buketləri və insan portretlərinə müraciət edir.

Şaiq Məmmədov -əməkdar rəssam: “Bu sənətlə konkret olaraq hazırda ancaq Gəncədə məşğul olunur. Başqa heç bir yerdə şüşə qrıntılarından sənətlə məşğul olunmur. Vitraj var, Avropada və bütün dünyada yayılıb. Vitrajın bir növü olan şəbəkə var, ancaq şüşə qırıntılarından belə kompazisiya işlərini birinci dəfə biz başlamışıq”.

Əməkdar rəssam Şaiq Məmmədovun şüşə qırıntılarından ilk böyük əsəri dahi Azərbaycan şairi Nizami Gəncəvinin portretidir. Portret üzərində işə bir aya yaxın vaxt sərf olunub. 34 il əvvəl yaradılan bu portret Təsviri İncəsənt kafedrasının dəhlizini bəzəyir. Bu formada əsər yaratmaq üçün onun ideyası olmalı, daha sonra ideya kağız üzərində əksini tapmalıdır. Bu təsviri şüşə arxasına qoymaqla üzərində işə başlamaq olar.

Şaiq Məmmədov -əməkdar rəssam: “İşləyib qurtardıqdan sonra onun bütöv arxasını lak maye halında su kimi tökürsən ki, arada boşluqlar qalmasın. Sonra qaldıranda şüşə düşməsin. Ondan sonra isə bunun tərtibat məsələsi gəlir”.

Rəsm, kompazisiya, eləcə də rəng duyumu. Bunlarla bərabər istedad. Bütün bunları bilən hər bir şəxs 10 gün müddətinə belə bir gözəl sənət əsəri yarada bilir. Səbr və incəlik də burada az rol oynamır. Şaiq Məmmədov tələbələrinə bu amilləri üstün tutmağı məsləhət bilir.

Hüseyn Cəfərov -tələbə: “Universitetə daxil olan da yalnız rəsm, qrafika ilə işləyə bilirdim. Daxil olandan sonra Şaiq müəllim bu sənəti öyrətdi. Bu sənətə az-çox nail olmuşuq. Biz əsasən Nizami Gəncəvi, Məhsəti Gəncəvinin rübailərini işləyirik. Ruhən insanı dincəlir, həm də insan əsəri bitirəndən sonra zövq alır. Həyatda bir qabiliyyətin olduğunu hiss edə bilir”.

Əməkdar rəssamın özünün, eləcə də tələbələrin yaratdığı sənət əsərləri bir çox beynəlxalq tətbiqi sənət müsabiqələrində iştirak edib və hər dəfə də birinci yerə layiq bilinib. İndiyə kimi 200-ə yaxın tarxi şəxsiyyətin, tanınmış şairlərin portretlərini, təbiət mənzələri, eləcə də illisturasiyalar yaradan sənətkarın ən böyük arzusu sənətin gələcək nəslə ötürülməsidir.

Elnur Vahidoğlu