Bu günə xəbərlərin oxunma sayı: 928
— 05.02.2017 14:12

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülür

Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunub. Bu fikirlər  Azərbaycan Respublikası regionlarının “2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda səsləndirilib. Hesabat ilində kənd təsərrüfat məhsullarının dəyəri 5.6 milyard manat təşkil etməklə 2.6 % artım müşahidə olunub.

Artıq bir neçə ildir ki, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülür. Bir neçə sahədə özünütəminetmə səviyyəsi yüksəlsə də, bəzi sahələrdə hələ də problemlər görünür.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Əgər biz sovet vaxtına nəzər salsaq görərik ki, - təbii, o vaxt bölgü aparılırdı, - Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək".

Belə ki, bəzi məhsullarda xarici komponentlər üstünlük təşkil etməklə yerli istehsal hesabına daxili tələbatı ödəməkdə göstəricilər aşağı düşür. Məsələn: bitki yağları- 48% özünütəminetmə göstəricisidirsə, onun 80% -i xarici komponentdir. Kərə yağlarında bu göstərici 10% xarici xammal olmaqla 76%, buğda 53 % özünütəminetmədən 20 % xarici komponent, çay 45 % təminetmə, 50 % xarici xammal, şəkər və şəkərdən alınan məhsullar 115 %- 73 % xarici göstərici, makaron məmulatları 38% daxili istehsalın 95 %-i kənardan gətirilən məhsuldur ki, bu sahələrin düzgün şəkildə inkişafı üçün ciddi addımlar atılmalıdır.

Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında ötən il ixracın həcminin əvvəlki illə müqayisədə 73 milyon və ya 20.7% artaraq 426 milyon ABŞ dolları  təşkil etdiyini bildirib.

Heydər Əsədov- kənd təsərrüfatı naziri: "İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün ixrac payına düşüb. Keçən il ilk dəfə olaraq, 2,6 milyon ABŞ dolları dəyərində arpa ixrac edilib”.

İl ərzində idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46 faiz, diri ev quşları üzrə 55 faiz, quş yumurtası üzrə 27 faiz, arpa üzrə 95 faiz, qarğıdalı üzrə 45 faiz, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb".

Qeyri-neft sektorunun inkişafında qarşıdakı illərdə əsas hədəf daha çox gəlir gətirən sahələr olacaq. Pambıq, tütün, barama və qərzəkli meyvəçilik sahəsində lazımi tədbirlər görülməyə başlanılıb. Xarici komponentlərin minimuma endirilməsi üçün isə ilk növbədə emal müəssisələrinin yaradılması və ya mövcud emal müəssisələrinin fəaliyyətini tam bərpa etməkdir. Bununla paralel münbit əkin sahələrinin dövriyyəyə buraxılması, mövcud meliorativ problemləri aradan qaldırmaq da diqqət mərkəzində olacaq.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə aşağıdakı layihələr icra edilməlidir – 2700 hektar əkin sahəsinin suvarılması üçün Yuxarı Mil kanalının tikintisi. Neftçala magistral kanalının tikintisi 4300 hektar əkin sahəsinin suvarılmasını təmin edəcək. Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Balahəşimxanlı, Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanalın tikintisi. Bu da əlavə 2000 hektar torpaq sahəsini suvarmağa imkan verəcək. Araz çayının yeni qolunun tikintisi təxminən 40 min hektar sahəni su ilə təmin edəcək. Goranboy, Samux rayonlarının ərazisində görüləcək suvarma işləri 4500 hektara su gətirəcək. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və inkişafı hesabına Taxtakörpü su anbarı tikilir, ondan indi qollar ayrılır. Bu da Xızı, Şabran və Siyəzən rayonlarında 20 min hektara suyun verilməsini təmin edəcək".

Görülən işlərin qısa müddətdə nəticə verməsi üçün ən uyğun variant aqroparkların yaradılması görünür ki, ölkə başçısı da onların sayının 10-a çatdırılmasını xüsusi vurğulayıb.

 

Aidə Ramizqızı