Bu günə xəbərlərin oxunma sayı: 1422
— 05.02.2017 14:15

Pambıqçılıq ölkə üçün ənənəvi bitkiçilik sahəsidir

Bəli, sayca 14-cü dövlət proqramlarının icrasına həsr olunan konfransda ölkə başçısının vurğuladığı kimi kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına yenidən nail olunmalıdır. Pambıqçılıq da ölkə üçün ənənəvi bitkiçilik sahəsi sayılır. Uzun durğunluqdan sonra, xüsusilə, dövlətin dəstəyi nəticədə bir il ərzində əldə olunan göstəricilər ürəkaçandır. Əgər fermerlər verdikləri əməyə daha həssas və diqqətli yanaşsalar, illərlə əldə olunan elmi nailiyyətləri təcrübədə birləşdirsələr, qısa müddətdə rekord nəticələr əldə oluna bilər. Elə bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ADAU- da pambıqçılarla görüş təşkil edilib və mövcud problemlərdən birgə çıxış yolu axtarılıb.

Elşad Bayramov- fermer: "Keçən il 100 ha pambıq əkmişdim. 35 sentner pambıq götürdüm. 350 ton pambıq deməkdir".

Cavad Cavadov - sahibkar: "2016- cı ildə 1268 ha ərazidən çəkilən xərc 984 min manat olub. Bunun müqabilində 2 milyon 335 min manat gəlir əldə olunub. Bərdə əhalisinə çatan pulun həcmi 1 milyon 354 min manat olub. 2015-ci illə 2016- cı ili müqayisə edəndə 9.3 dəfə pambıqdan gələn gəlir artmışdır. Bir çətinlik ondan ibarətdir ki, lifsiz çiyid istehsal olunsa, -onun 1 kq-ı 5 manata başa gəlir -ölkədə istehsal olunsa qiyməti aşağı düşər. Bir də dərman preparatlarının keyfiyyəti yüksəlsə pambıqçılıqda heç bir çətinlik qalmaz".

Uzun illərdir pambıqçılıqla məşğul olan fermerlər ötən ildən başlayaraq alış qiymətlərinin artırılması, üstəgəl son məhsula görə subsidiyaların verilməsi sayəsində çəkdikləri zəhmətin qarşılığını aldıqlarını bildirirlər. Lakin uzun müddətdir ki, bu sahədə lazımi tədbirlərin görülməməsi bir çox məqamlarda çətinlik törədir. "Respublikada pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları" mövzusunda ADAU-da keçirilən elmi konfransda Universitetin mütəxəssisləri tərəfindən yüksək məhsul götürmənin yolları açıqlanıb.

Nizami Seyidəliyev-ADAU-nun prorektoru: "Tutaq ki, bir ha sahədə 10 min kvadrat ərazi var. Pambıq 60-90 sm cərgə arasında becərilir. 60 sm becəriləndə bir  hektarda 16 666 paqonometr  yer  olur. Bir paqonometrdə altı bitki əkiləndə bu 100 min bitki deməkdir. Amma fermer bir paqonometrdə 20 bitki saxlayır. Pambıq bitkisində 2 formada gövdə olduğunu nəzərə alsaq, sıxlıqda simpatian budaqlar zəif inkişaf edir, onun üzərində olan qozalar da zəif inkişaf edir. Tutaq bir qozada 6 q xam pambıq olmalıdırsa , 2 qram olur. Məhsuldarlıq 40-50 % azalır".

Respublikanın 27 rayonunda pambıq əkilir. Ötən il 51 min hektardan 90 min tona yaxın ağ qızıl əldə olunub. 2017-ci il 100-120 min hektarda əkin aparılaraq 200 min ton məhsul götürmək hədəflənib. Əldə olunan xammalın son məhsula çevrilməsi üçün isə Mingəçevirdə sənaye parkı yaradılır ki, ilin sonuna kimi bir neçəsinin istifadəyə verilməsi gözlənilir. Bu isə idxalın minimuma endirilməsi, ixracın stimullaşdırılması ilə paralel 100 minlərlə insanın məşğulluğunun təmini deməkdir.

 

Aidə Ramizqızı