Bu günə xəbərlərin oxunma sayı: 833
— 04.02.2017 15:32

Gəncə Dövlət Kukla Teatrında yeniliklərlə bol olacaq tamaşa səhnələşdiriləcək

KepezTV Player

Cik-cik xanım. Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi bu nağıl əsasında ilk dəfə olaraq tamaşa hazırlayır. Aktyorlar balacaların qarşısına yeniliklərlə bol olacaq səhnə əsəri ilə çıxacaq.

Teatrda gərgin məşqlər gedir. Hər bir aktyor, aktrisa roluna hazırlaşır, rejissorun tövsiyyələrini diqqətlə dinləyir. Yeni tamaşa uşaq yazarı Əli Səmədlinin "Cik-cik xanımın nağılı" əsəri əsasında hazırlanır. Səhnə əsərinin quruluşçu rejissoru Mahirə Haqverdiyevadır. Aktrisa 20 illik karyerası ərzində ilk dəfədir ki, özünü rejissor kimi sınayır, həm də elə ilk işindəcə fərqlənmək niyyətindədir.
 

Mahirə Haqverdiyeva- aktrisa-rejissor: “Çalışmışam ki, yeni bir stilə önəm verim. Dekorasiya 3D MAX-la işlənib. Orada vermişik, cizgi filmi ilə canlı kuklanın sintezi var. Ekrandan uça-uça gəlir çıxır ekrandan, təzədən canlı kuklayla səhnəyə gəlir. Məncə tamaşaçılarımız, balaca dostlarımız üçün maraqlı olacaq. Çünki Gəncə Dövlət Kukla Teatrın səhnəsində yeni bir formatdadır”.

Yaradıcı heyətin yeddi üzvünün əmək sərf etdiyi tamaşada zəhmət, dostluq, torpağa bağlılıq tərənnüm olunur. Səhnə əsərində kollektivin adlı-sanlı aktyorları ilə yanaşı, gənclərə də yer verilib. 

Nərmin Şərifova- aktrisa: “Tamaşada baş rol olan Cik-cik rolunu oynayıram. Ac gözlük, tamah, narazılıq amma axırda da heyfslənərək başa düşür ki, etdikləri səhvdir. Artıq tamahın sonu yoxdu”.

Xudayət Əsgərov- Əməkdar artist: “Mən burada nağılçı obrazını oynayıram. Nağılçı burada gedən bütün hadisələrin gedişatına giriş verir, hadisələrin necə baş verəcəyini nağılçı öz obrazı ilə göstərir. İndi nə dərəcə də bu rolun öhdəsindən gəlmişəm onu mən yox, yəqin ki, sevimli balaca tamaşaçılarımız deyəcək”.

40 dəqiqəlik səhnə əsərinin quruluşçu rəssamı Sara Məmmədovadır, musiqi tərtibatı isə Anar Əsgərova aiddir. Tamaşanın premyerası fevralın sonuna planlaşdırılır.

 

Elnur Vahidoğlu