Bu günə xəbərlərin oxunma sayı: 918
— 29.01.2017 16:26

Xaçmazda istifadəsiz torpaqlarda fındıq bağları salınır

Azərbaycanda təyinatı üzrə istifadə olunmayan torpağa görə təsərrüfat sahiblərinə cərimə tətbiq olunacaq. Bundan sonra torpaq sahibləri ixtiyarında olan torpaqları dincə qoyduğu müddətdən başqa istifadəsiz saxlayacağı halda cərimə ödəməli olacaqlar. Bu qaydanın tətbiqi təsərrüfatçıları torpaq sahələrini boş saxlamamağa sövq edir. Əvvələr yalnız mal-qaranın otarıldığı sahələrdə indi müxtəlif meyvə bağları salınır. Xaçmazda belə torpaqlarda əsasən fındıq bağlarının  salınmasına üstünlük verilir.

Vaxtilə boş qalmış, lakin əkinəyararlı torpaqlarda indi 21 hektar yeni fındıq bağı salınıb.

Yeni salınmış bu bağlar Xaçmaz rayonunun Çarxı kəndindədir. Ötən il ərzində kənd ərazisində ümumilkdə 43 hektar istifadəsiz torpaq sahələrində  fındıq ağacları əkilib. Hazırda Çarxı kəndində istifadəyə yaralı boş əkin sahəsi mövcud deyil.

“Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası” layihəsini Kənd Təsərrüfatı Nazirliyi hazırlayıb. Meyarlar və qayda kənd təsərrüfatı torpaqlarına tətbiq ediləcək vergi dərəcəsini müəyyənləşdirmək üçün hazırlanıb. 2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına yeni vergi dərəcəsi tətbiq ediləcək. Azərbaycan Respublikasının Vergi Məcəlləsində Azərbaycan Respublikası Prezidentinin 6 may 2016-cı il tarixli Fərmanı ilə edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadrat metrinə görə 1 AZN məbləğində vergi ödəyəcəklər. 

Ələkbər Məmmədbəyov