Bu günə xəbərlərin oxunma sayı: 918
— 29.01.2017 16:23

Yararsız torpaqları dövriyyəyə qaytarmaqla əkin sahələrinin genişləndirilməsi hədəfdir

Aran bölgəsində bəzi fermerlər torpaqlardan təyinatı üzrə istifadə edə bilmirlər. Təsərrüfat sahibləri deyirlər ki, bunun səbəbi sahələrə zamanında aqrotexniki qulluğun göstərilə bilməməsidir. Onlar hesab edirlər ki, torpaqların təyinatı üzrə istifadə olunmasıyla bağlı atılan yeni addımlar yararsız torpaqların yenidən əkin dövriyyəsinə qaytarılmasına və əkin sahələrinin həcminin artmasına gətirib çıxaracaq.

İmişlidən olan fermer Səxavət İsmayılov 20 ilə yaxındır əkinçiliklə məşğuldur. O, deyir ki, hazırda tabeliyində olan bütün torpaq sahələrindən səmərəli şəkildə istifadə etsə də, bəzi fermerlər buna əməl etmirlər. Becərmədikləri sahələri başqalarına icarəyə verirlər.

Səxavət İsmayılov- fermer: “Bu gün istehsal olunmuş kənd təsərrüfatı məhsullarının bazar qiyməti hamımıza məlumdur. Fermerlərin bəzilərinin imkanı olmadığına görə, öz torpaqlarını kimlərəsə müvəqqəti icarəyə və ya birdəfəlik satıb icarəyə verməklə özlərinin dolanışığını, bugünkü həyat minimumunu həll etməyə çalışırlar”.

Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik təsərrüfatı üzrə sektor müdri Abbasəli Rüstəmov deyir ki, istifadələrində olan torpaqların əkilib-becərilə bilməməsinin səbəbkarı fermerlər elə özləridir. Çünki sahələrin əkilməsi üçün təsərrüfatçılardan tələb olunan vergilər olduqca aşağıdır.

Abasəli Rüstəmov- mütəxəssis: “Əgər o fermer torpaqdan istifadə edə bilmirsə, məhsul götürə bilmirsə, pul qazana bilmirsə, o, fermerin öz günahıdır. Torpaqların əksəriyyəti deyək ki, 90 faizi 3-cü keyfiyyət qrupuna aiddir. Bu da hər bondet balına görə, 6 qəpik hesablanır. Bunu hesablayanda hektara 3 manat 90 qəpik edir. Bu da elə böyük vergi deyil ki, fermer bunu verə bilməyə”.

Mütəxəssis deyir ki, əgər fermerin tabeliyində olan torpaqlar şoranlaşıbsa və ya suvarma üçün su mənbələri yoxdursa, o halda həmin sahələrdən istifadə olunmaması başa düşüləndir. Əks təqdirdə isə fermerlər ərazilərin əkilməsinə məsuliyyətlə yanaşmalıdırlar.

Abasəli Rüstəmov- mütəxəssis: “Əkin koordinasiyasına aid torpaqdır. Orda ya torpaq şorlaşıbdır. Ondan istifadə etmək mümkün deyil. Deyək ki, torpaq suvarılmır, həmin torpaqlarda kanallar yoxdur. Suvarılan torpaq deyil. Yəni bu torpaqlardan təyinatı üzrə istifadə etmək mümkün deyil”.

Abasəli Rüstəmov bildirir ki, torpaqlar becərilmədikdə münbitliyini ititrərək istifadəyə yararsız vəziyyətə düşür. Bu da əkinçilik üçün yararlı olan sahələrin həcminin azalmasına gətirib çıxardır. Mütəxəssis deyir ki, belə halların qarşısını vaxtında almaq və yararsız sahələri əkin dövriyyəsinə qaytarmaq üçün dövlət tərəfindən torpaqların təyinatı üzrə istifadə qaydalarında dəyişikliklər edilib. Artıq fermerlər də bu yeniliklərdən xəbərdardırlar. Bildirək ki, bu ilin yanvar ayında torpaqların istifadə təyinatı ilə bağlı qəbul edilən yeni qaydaya əsasən fermerlər tabeliyində olan əkilməyən sahələrin hər 100 kvadrat metrinə 1 manat və ya 1 hektar üçün 100 manat cərimə ödəməli olacaqlar.

Nikbin Qasımlı