• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4925
— 14.01.2017 17:23

Azərbaycan Dövlət Aqrar Universitetində də qış imtahan sessiyasında şəffaflıq təmin edilib

KepezTV Player

Tələbələr də imtahanların keçirilməsindən razıdır. Təşkil olunan "Açıq Qapı"da iştirak edən valideynlər kimi KİV nümayəndələri də prosesin gedişini izləmək imkanı əldə edib.

Azərbaycan Dövlət Aqrar Universitetində qış imtahan sessiyasına dekabrın 29-dan başlanılıb. İmtahanlar fəndən asılı olaraq yazılı, şifahi və test üsulu ilə kompyuter vasitəsiylə verilir. İmtahanlara hazırlıq məqsədiylə dekabr ayı ərzində sınaqlar da keçirilib. 
Nərmin Verdiyeva- tələbə: “Ən yaxşı cəhət odur ki, bütün imtahan rəhbərləri hər zaman bizim yanımızdadırlar. Nə isə bir çətinlik olanda, bizə öz dəstəklərini nümayiş etdirirlər”. 

Aysel Həsənova- tələbə: “Burada təhsil aldığım müddətdə istər müəllim kollektivi, istərsə də tələbə-müəllim münasibətləri çox gözəl təşkil edilib. İmtahanlarımız həm yazılı, həm şifahi, həm də kompyuterləşmiş formada həyata keçirilir. Bu da imtahanların tam şəffaf keçməsini təmin edir. Və mən çox sevinirəm ki, ADAU-nun tələbəsiyəm”. 
İmtahan prosesinə zal nəzarətçiləri ilə yanaşı, veb kameralar vasitəsiylə də nəzarət edilir. 2 auditoriyada quraşdırılan 152 kompyuter vasitəsi ilə gün ərzində 1000-dək tələbə növbəli şəkildə imtahan verir. İmtahanların nəticəsi tələbələrə verilən təqaüdə də təsir edir. 

Asif Hacızadə- tələbə: “4 ildir bu universitetdə təhsil alıram, hər şey çox gözəl, çox yaxşıdır. Özüm imtahan verib çıxmışam, çox şəffaf şəkildə. İmtahana girərkən üzərimizdə hər hansı bir əlavə vasitənin keçirilməsinə icazə verilmir. Özüm dövlət sifarişli oxuyuram, 4 ildir təqaüd alıram. İmtahanda topladığımız ballar bizim təqaüdlərə təsir göstərəcək. Belə ki, əlaçı və yaxud da zərbəçi təqaüdü ala bilirik”. 
Universitetdə imtahan prosesini izləyən valideyinlər də gedişatdan razı görünür. 

Nazim Zeynalov- valideyn: “Çox məmnun oldum. Çox gözəl bir imtahan şəraitində iştirak etdim, bir valideyn kimi. Oğlum bu universitet haqqında, yaradılan şəraitlə bağlı evdə çox danışıb,. Mən gəldim, özüm şahidi oldum, çox məmnun qaldım. 
Fəxrəddin İbrahimov- valideyn: “Oğlum Aqrar Universitetdə oxuyur. Bizə təklif etdilər ki, imtahanlarda iştirak edək. Gəldik, bugünkü imtahanı gördük, heç bir sözümüz ola bilməz. Keyfiyyətli, çox şəffaf, müəllimlər hər şagirdə fərdi yanaşır”. 
İmtahanlarda tələbələrin narazı qaldığı məsələlər yaradılan apellyasiya komissiyasında araşdırılır. Fevralın 1-dək davam edəcək sessiyada bakalavr təhsili alan 4 minə yaxın tələbə iştirak edəcək.

Elton Cabbbarlı