• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1009
— 13.01.2017 15:11

Ərsəyə gətirdiyi əl işlərində yaşayan sənətkar

KepezTV Player

Qılınc, xəncər, bıçaq, şamdan, biləklik, qamçı və sair... Bu sadalananlar Şaiq Məmmədovun əl işlərinin bir hissəsidir. Gəncədə yaşayıb-yaradan əməkdar rəssam uzun illərdir bədii metal işləmə növündə qiymətli sənət əsərləri yaradır. Əməkdaşımız Gülnar Fazilqızı sənətkarla həmsöhbət olub.

"Ərsəyə gələn sənət əsəri tarixə qovuşur. Azərbaycan xalqının iftixar mənbəyidir". Ərsəyə gətirdiyi əsərlərdə tarixin bir hissəsini yaşadan əməkdar rəssam Şaiq Məmmədov bu fikirdədir. Gəncə Dövlət Universitetinin professoru olan Şaiq müəllim 40 ilə yaxındır pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, sənətkar ömrü yaşayır. İxtisasca bədii-qrafist olan Şaiq Məmmədovun marağı vaxt ötdükcə bədii metal işləmə sənətinə yönəlir və bu, rəssam həyatının önəmli bir parçasına çevrilir.

Şaiq Məmmədovun şəxsi fondunda hər 4 növün nümunələrini görmək mümkündür. Müxtəlif növ bıçaqlar, qamçılar, zərgərlik məmulatları, kitab üzlükləri, alışqanlar, ətir qabları xüsusilə diqqət çəkir.

Şaiq Məmmədov deyir ki, bədii metal işləmə sənəti ilə məşğul olan və ya bu sənətə meyl edən hər bir insan, onun tarixini mükəmməl bilməlidir. Çünki, hər bir xalqın özünəməxsus sənətkarlıq nümunələri var və bu gün də ərsəyə gələn əl işləri xalqın sərvətinə çevrilir.

Bəli, Şaiq Məmmədov öz emalatxanasında bədii metal işləmə sənətinin ən gözəl və dəyərli nümunələrini hazırlayır. Bu nümunələr hazırda şəxsi kolleksiyaları, müzeyləri bəzəyir. Sənətkarın 60 illik yubileyi münasibətilə adına kitab da nəşr olunub. "Sənətkar ömrü"nü əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev qələmə alıb. Söhbət əsnasında müsahibimizdən bu sənətdə davamçısının olub-olmamasını soruşduq. Dedi ki, nə oğlu, nə də qızı bu xalq sənətinə meyl etməyib. Ümumiyyətlə günümüzdə bədii metal işləmə sənəti ilə maraqlanan gənclərin sayı olduqca azdır. Şaiq müəllim deyir ki, bunun da müxtəlif səbəbləri var.

Sənətkar ərsəyə gətirdiyi əl işlərində yaşayır. Mənəvi dəyəri maddi dəyərindən qat-qat üstündür, bu sənətkarlıq nümunələrinin. Çünki onların hər biri Şaiq Məmmədovun alın tərindən, göz nurundan pay alıb. Bəli, bu əsərlər tarixə qovuşacaq və illər, hətta əsrlər sonra da Azərbaycan xalqının iftixar mənbəyi olaraq, Şaiq Məmmədov adını yaşadacaq.
Gülnar Fazilqızı