Bu günə xəbərlərin oxunma sayı: 1198
— 11.01.2017 20:52

Şəmkirdə silsilə oğurluqlar törədən iki nəfər saxlanılıb

KepezTV Player

Kənddə işləməyə gedən gənclər asan qazancın yolunu oğurluqda tapıblar. Beləcə, bağlı qapı axtaran dostlar evdə heç kimin olmadığına əmin olduqdan sonra mənzili qarət ediblər. Şəmkirin Abbaslı kəndində mənzil qarət edən şəxslərlə növbəti materialda tanış olacaqsınız...

Elmixan Əhmədov- zərərçəkən şəxs: “Evə gələndə gördük ki, televizorun altında olan rəfin içindəkiləri bütünlüklə yerə töküblər. Oradan bir çox qiymətli əşyalar götürüblər. Daha sonra o biri otaqdan isə 1830 manat nağd pul oğurlayıblar”.

Şəmkirin Abbaslı kənd sakini Elmixan Əhmədov və ailə üzvlərinin başına gələnlər uzun illər onların xatirəsində qalacaq. Evini təmir etdirmək üçün inşaat materialları almağa gedən ailə, geri dönəndə evinin talandığını görüb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan Şəmkir polisi oğruların kimliyini müəyyən edə bilib. Məlum olub ki, Elmixan Əhmədovun evinə qanunsuz olaraq daxil olanlar Gəncə sakinləridir.

Mehrab Məmmədov- müstəntiq: “Faktla bağlı tərəfimizdən cinayət işi başlanaraq istintaq aparılıb. Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxslərin 1985-ci il təvəllüdlü Cəfərov Qüdrət Qasım oğlu və Musayev Nurlan Araz oğlu olmaları müəyyən edilib. Hər iki şəxs saxlanılaraq istintaqa təqdim olunublar”.

Saxlanılan şəxslər ilkin ifadələri zamanı oğurluq etdiklərini etiraf ediblər. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Qüdrət Cəfərov Abbaslı kəndinə xurma yığmaq üçün getdiklərini deyib. Ancaq kəndə çatdıqda, qapılardan birinin bağlı olması onları ağac başına çıxmaqdan yayındırıb...

Qüdrət Cəfərov- saxlanılan şəxs: “Yolun kənarında bir ev gördük, kilidlənmişdi. Girdim evə, əşyaları götürdüm. Yoldaşım isə gözətçi durdu ki, gələn olsa xəbər etsin”.

Oğurluğun digər iştirakçısı Nurlan Musayev də dostu ilə həmfikirdir. O, cinayətdə gözətçi kimi iştirak edib. Əldə etdikləri qəniməti isə “dədə malı” kimi öz aralarında bölüblər.

Nurlan Musayev- saxlanılan şəxs: “Məhlənin arxasından keçdik. Evin arxasında mən durdum, o, içəri keçdi. Mən pəncərənin yanında onu gözlədim”. 

İstintaq yolu ilə o da məlum olub ki, bu, Qüdrət Cəfərov və Nurlan Musayevin ilk və son əməli deyil. Gənclər buna qədər Şəmkirlə yanaşı, ətraf şəhər və rayonlarda silsilə xarakterli oxşar oğurluqlar törədiblər. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Natiq Hüseyn