Bu günə xəbərlərin oxunma sayı: 921
— 11.01.2017 14:03

Azərbaycanda milli park və qoruqlar günü qeyd olunur

KepezTV Player

Bu gün Azərbaycanda milli park və qoruqlar günü kimi qeyd olunur. Hazırda ölkədə 890 min hektaradək xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən 8 milli park, 12 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Mövcud olan milli parklaradan - biri, dövlət qoruqlarından isə - ikisi Qərb bölgəsinində yerləşir.

Azərbaycanda yaradılmış ilk qoruq Göygöl Dövlət Təbiət Qoruğu olub. 1925-ci ildə təsis edilən qoruğa, 2008-ci ildə Milli Park statusu verilib. Gəncə, Göygol və Goranboyun inzibati ərazilərində, Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində yerləşən Milli parkın ümumi sahəsi 12 755 hektardır. Ekoloji vəziyyətin yaxşılaşdırılması və turizm infrastrukturunun yenidən qurulması üçün ötən əsrin sonlarından ərazi turistlər üçün bağlı elan edilib. Göygöl Milli Parkı kütləvi istirahət və gəzintilərə 2014-cü ildə açılıb. Milli Parkın mirvarisi olan və öz şəffaflığı, zərifliyi ilə diqqət çəkən Göygöl təbiətin dağıdıcı qüvvəsinin əzəmətini bir daha sübut edir. Buranın təbiəti yayda olduğu kimi, qışda da öz gözəlliyi ilə insanı valeh etməyi bacarır.  Respublikanın Qərb zonasında yaradılan sonuncu qoruq Korçay Dövlət Təbiət Qoruğudur. Goranboy rayonunun inzibati ərazinin 4933 hektar sahəsini əhatə edən qoruğun təsis edilməsində məqsəd Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır. Buranın iqlim şəraiti, ərazidə 15-ə yaxın təbii gölün mövcudluğu vəhşi məməlilərin, su-bataqlıq quşlarının və sürünənlərin yaşaması üçün ekosistem yaradıb. Burada canavar, çaqqal, çöl pişiyi, vaşaq, dövşan, çöl tısbağası, qunduz kimi heyvanlara rast gəlinir.

Cavid Yusifov- Korçay Dövlət Təbiət Qoruğunun elmi işçisi: “Bu ərazilərdə olan və adı "Qırmızı kitaba"a düşən ceyranların qorunması ən ümdə vəzifələrdən biridir. Eyni zamanda, onların cins tərkibinin yaxşılaşdırılamsı üçün də çalışırıq. Bunun üçün digər bölgələrdən, o cümlədən Şirvan ərazisindən bura ceyranlar gətirilir, rentraduksiya olunur ki, bu da öz bəhrəsini verir”.

Burada mühafizə olunan ceyranların sayı 470 başa yaxınlaşır. Qoruğa adı "Qırmızı kitab"a düşən turac, qaz, ördək, bəzdək kimi quşlar da köç edir. Bu səbəbdən də Korçay Dövlət Təbiət Qoruğunun ərazisi mühafizə olunur və qorunur. Burada 14 mühafizə yegeri və 5 sahə müfəttişi çalışır.

Taleh Sarıyev- Korçay Dövlət Təbiət Qoruğunun yegeri: “Qoruyuruq. Bu təbiəti, ağacları, buradakı heyvanları gələcək nəsillər üçün qoruyub saxlayırıq”.

Mövsümdən asılı olmayaraq burada ov etmək qadağandır. 2008-ci ildə yaradılan Korçay Dövlət Təbiət Qoruğu elmi-tədqiqat işlərinin aparıması üçün də nəzərdə tutulub.

Gülnar Fazilqızı