Bu günə xəbərlərin oxunma sayı: 916
— 12.01.2017 15:54

Gəncə-Qazax magistralı dörd zolaqlı olacaq

KepezTV Player

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun Gəncə şəhərinə qədər olan hissəsi yenidən qurulduqdan sonra avtomobillərin bu istiqamət üzrə hərəkəti xeyli asanlaşıb. Ölkənin qərb qapısına doğru yolun qalan hissəsinin də 2 hərəkət zolaqlı olması sükan sahiblərinin də ürəyincə olardı. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Gəncə-Qazax magistralında 4 zolaqlı yolun çəkilişi üçün yaxın vaxtlarda işlərə başlanılacağı bildirilib.

İsmayıl Ələkbərov- sürücü: “Birtərəfli yolda tıxac çox olur. Vacib işin olur, şəhərə getmək istəyirsən, ancaq gecikirsən. Ancaq ikitərəfli yol olsa, daha da gözəl olar”.

İsmayıl Ələkbərov kimi minlərlə sürücü Gəncə-Qazax magistralında hərəkətin hər iki istiqamətə iki zolaqlı olmasının tərəfdarıdır. Xüsusilə ağırtonnajlı yük avtomobillərinin hərkəti zamanı yolda maşın karvanı daha çox olur.

Gəncə-Qazax avtomagistralında müxtəlif yol nişanları qoyulub. O yol nişanlarından biri də yolun hərəkət hissəsində ötüb keçmə əməliyyatını yerinə yetirməyi işarə edir. Ancaq təəssüflər olsun ki, yolun birtərəfli olması sürücülərin bu nişanın tələbini yerinə yetirməsinə maneçilik yaradır.

Rəşad Cəfərov- sakin: “İndi böyük maşınlar çox gedir. Birtərəfli olduğundan ötüb keçmək olmur. Harasa tələsirsən, məcbur qalırsan ötməyə, ötə bilmirsən. Qoyulan sürət həddinə görə hərəkət çox çətindir”. 

Etibar Alıyev- sakin: “Məsələn sürəti 90 olan yoldur, qarşındakı 50 sürətlə gedir, keçə bilmirsən. Gecikirsən, yolda tıxac yaranır. Bu cür problemlərə görə, yol ikitərəfli olsa yaxşıdır”.

Bakıdan Gəncəyəqədərki yolun genişləndirilməsindən sonra növbə çatıb Qazaxa qədər olan hissəyə. “Azəravtoyol” tərəfindən yeni yolun çəkilişinə başlanacağı deyilir.

Anar Nəcəfli- “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri: “Gəncədən-Gürcüstan sərhədinə qədər olan hissədə yaxın günlərdə işə başlanacaq. Artıq bununla bağlı Maliyyə İnstitutu ilə danışıqlar aparılıb. Layihə tam hazırdır. Yaxın müddətdə işlərə başlanacaq və bundan sonra sürücülər maneəsiz şəkildə Gürcüstan sərhədinə qədər gedə biləcəklər”.

Xatırladaq ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Gəncə şəhərinə olan hissəsi  4, hətta bəzi ərazlərdə 6 zolağa qədər genişləndirilib.

Natiq Hüseyn