Bu günə xəbərlərin oxunma sayı: 1409
— 11.01.2017 14:52

Gəncə məktəbliləri fənn olimpiadalarından 30 medal qazandılar

KepezTV Player

30 medal. 10-u qızıl, 12-si gümüş, 8-i isə bürünc. Gəncənin məktəblilərinin ötənilki fənn olimpiadalarından qazancı belədir. Bu sıraya müsabiqələr və beynəlxalq yarışlarda əldə edilən uğurlar da daxildir.

Sadiq Səfərov- şagird: “Mənim inşamın adı “Müharibə və sülh idi”. Bu inşada mənim əsas məqsədim o idi ki, insanlara çatdırım ki, sülhlə yaşamaq, müharibə ilə yaşamaqdan daha yaxşıdır. Mən fəxr edirəm ki, Gəncənin adını ucaltdım”.

7-ci sinif şagirdi Sadiq Səfərov Tokioda YUNESKO-nun 70 illiyi ilə əlaqədar keçirilən inşa müsabiqəsində qazandığı diplom və mükafatla Gəncəyə geri dönüb. 12 milyon şagird arasında seçilməyi bacaran 27 nömrəli məktəb-liseyin şagirdi fikirlərini ingilis dilində, özü də lokonik şəkildə ifadə etdiyi üçün mükafatçılar sırasında yer alıb. Özü də tək yox. Müsabiqədə Sadiqlə yanaşı Gəncədən daha iki şagird qalib adı qazanıb. Ümumilikdə ötən il, müsabiqə və olimpiadalarda iştirak edən Gəncəli məktəblilər üçün uğurlu olub.

Söhrab Hacıyev- Gəncə şəhər Metodik Mərkəzinin direktoru: “Ümumtəhsil məktəblərinin şagirdləri Nizami Gəncəvinin anadan olmasının 875 illiyi ilə bağlı keçirilən müsabiqədə iştirak edib. Həmin şagirdlər 4 nominasiya üzrə iştirak ediblər, 16 nəfər qalibimiz olub”.

Ötən il Təhsil Nazirliyinin xətti ilə məktəblilərin Respublika fənn olimpiadasında Gəncə şəhəri üzrə 22 nəfər şagirddən 10-u qalib ola bilib. Onların qazancı 1 qızıl, 6 gümüş və 3 bürünc medal olub. Bu il isə 1067 şagirdin fənn olimpiadasının şəhər mərhələsinə qatılacağı müsabiqənin şərtlərində dəyişikliklər olub.

Söhrab Hacıyev- Gəncə şəhər Metodik Mərkəzinin direktoru: “Final mərhələsində iştirak edəcək şagirdlər iki mərhələdə imtahan verəcəklər. Birinci mərhələ nəzəri cəhətdən, ikinci mərhələ isə praktiki cəhətdən olacaq. Yəni, nəzəri cəhətdən imtahan verən şagirdlər artıq praktiki cəhətdən laborator hazırlıq işlərindən imtahan verəcək. Bu da şagirdlərdə laborator hazırlığın vəziyyətini yoxlamaq üçün onu yüksək səviyyədə təmin etmək üçün təşkil edilib”.

Respublika fənn olimpiadasına yanvar ayının 15-dən başlanılacaq. 3 mərhələli müsabiqə aprel ayında yekunlaşacaq.
Elnur Vahidoğlu