Bu günə xəbərlərin oxunma sayı: 1471
— 11.01.2017 11:58

Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı başlayır

Bu gün Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürəcək.

Şəxsi xarakter daşıyan yarışlarda idman təşkilatları, cəmiyyətləri, klublar, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. 

Dünya Güləş Birliyinin qaydalarına əsasən baş tutacaq mübarizələr Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 

Proqrama əsasən, ilk gün sərbəst güləş üzrə 5 çəki dərəcəsində pəhləvanlar ən güclüləri müəyyənləşdirəcək. Yanvarın 12-də 3 çəkidə sərbəst və yunan-Roma güləşçiləri, son gündə isə 5 çəkidə klassiklər mübarizə aparacaq. 

Çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığmasının heyətinə cəlb ediləcək və il ərzində komandaların iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Azərbaycan çempionatında ən titullu güləşçilərin, dünya və Avropa çempionlarının, Olimpiya mükafatçılarının iştirakı mümkün olmayacaq. Belə ki, sərbəst növdə Toğrul Əsgərovla Cəbrayıl Həsənov Hindistanda Peşəkar Güləş Liqası yarışlarına qatıldıqlarından Xetaq Qazyumov isə karyerasını bitirdiyindən xalça üzərinə çıxmayacaq. Yunan-roma güləşçilərindən isə Rəsul Çunayev, Elvin Mürsəliyev və Rövşən Bayramov zədə səbəbindən çempionatda görünməyəcək.

Orxan Cəfərzadə