Bu günə xəbərlərin oxunma sayı: 1452
— 10.01.2017 16:06

“Şəmkir ekspedisiyası” tarixin torpaq altında qalan qatlarını açmağa çalışır

KepezTV Player

Bu gün «Orta əsr Şəmkir şəhər yeri» və ya başqa sözlə «Şəmkir qalası» diqqət mərkəzində olan tarixi abidələrdən biridir. Buna, illərdir həmin ərazidə aparılan arxeoloji qazıntılar təkan verib.On ildir Şəmkir rayonunun Muxtariyyə kəndinin ərazisində arxeoloji qazıntılar aparılır. Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Şəmkir ekspedisiyası” tarixin torpaq altında qalan qatlarını açmağa çalışır. Bu ərazidə ilk qazıntı işləri 2006-cı ildə baş tutub. Həmin qazıntılar şəhərin VIII-XIII əsrədək intensiv həyat keçirdiyini göstərib. Burada genişmiqyaslı qazıntı işlərinə isə, 2007-ci ildən başlanılıb. Görülən işlər hazırda 1 hektardan çox ərazini əhatə edir. Arxeoloji qazıntıların aparıldığı yer 3 hissəli şəhər tipi olub. İnzibati idarəçiliyin mövcud olduğu Narın qala, qala divarları ilə hasarlanan Şəhristan və qala divarlarının arxasında salınan məhəllələr olan Rabat hissəsi. 

Rəşid Bəşirov- AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı: “Bu il əsasən, 4-cü və 9-cu qazıntı sahəsində, yəni şəhərin Narın qala hissəsində qazıntılar aparırıq. Bu gün keçmiş saray binasının üzərində işləyirik. Otaqların təmizlənməsi işini həyata keçiririk”.

Narın qalanın divarlarının qalınlığı 3.4 metr, hündürlüyü isə bünövrədən 7,5 metr təşkil edir. Uzunluğu 20-25 metrə çatan salonun 7 sütunu var. Salona 5 qapı açılır. Hazırda qazıntılar aparılan hissənin isə dəhliz olduğu ehtimal edilir. Burada çalışan işçilər tarixin mirasını zədələməmək üçün ehtiyyatla çalışırlar. Uçmaq təhlükəsi olan hissələrə isə keçmək qadağan edilib. Ərazidə həmçinin, müəyyən restavrasiya işləri də həyata keçirilir.

Rəşid Bəşirov- AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı: “Azərbaycanda şəhər mədəniyyətini, şəhər təsərrüfatını, şəhər sakinlərinin yaşayış tərzini və istifadə etdikləri məişət əşyaların, geyimlərin tarixini öyrənməklə məşğuluq. Qazıntılarımız Şəmkir şəhərində müxtəlif sahələrin öyrənilməsində çox böyük köməklik edir”.

Qazıntılar zamanı aşkar olunan abidələr Şəmkir istehkamlarının Aran hərb memarlığı üslubunda inşa edildiyini göstərir.Qala divarlarının inşasında ağ Zəyəm daşı, bişmiş kərpic və çay daşından istifadə olunub. Bu qarışıq hörgü, həm qala divarlarının möhkəmliyini təmin edib, həm də onlara gözəl görünüş verib.Qədim Şəmkir qalasının ümumi ərazisi 28 hektardır. Tədqiqatlar zamanı burada xeyli sayda maddi-mədəniyyət nümunələri aşkar edilib. Onlar arasında şirli və şirsiz qablar, daha dəqiq böyük küplər, səhənglər üstünlük təşkil edir. Arxeoloji qazıntılar zamanı ərazidə müxtəlif ölçülü təndirlər və müxtəlif dərinliyi olan təsərrüfat quyuları da aşkar edilib. Üzə çıxarılan nümunələr sırasında kəhriz, su və kanalizasiya xətləri də var. Burada tapılan mis pullar VIII-XIII əsrlərdə şəhərin ticari dövriyyəsi haqqında da müəyyən fikirlər formalaşdırır. Narın qalanın cənub-şərq hissəsində rus hərbçilərinə aid kazarma qalıqları da aşkar edilib.

Rəşid Bəşirov- AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı: “Müxtəlif pul vahidləri aşkar olunub. Müxtəlif silah qundağı, qablar, şərab şüşələri aşkar edilib. Bu da onu deməyə əsas verir ki, XIX əsrin əvvəllərində general Sisianovun bura gəlməsindən sonra rus qarnizonu möhkəmləndirilmiş Narın qala divarlarının daxilində məskunlaşıblar və 50-60 il ərzində burada yaşayıblar”.

 Müsahibimiz deyir ki, bu abidə sadəcə yerli yox, xarici turistlərin də diqqət mərkəzindədir. Əraziyə səfər edən əcnəbi tədqiqatçıların da sayı az deyil. Qədim Şəmkir qalasına qoruq statusunun verilməsi də gündəmdədir ki, bu da bölgədə turizmin inkişafına təkan ola bilər.

Gülnar Fazilqızı