Bu günə xəbərlərin oxunma sayı: 1011
— 10.01.2017 16:01

Gəncə Dövlət Universitetində qış imtahan sessiyası çərçivəsində “Açıq qapı” təşkil edilib

KepezTV Player

Valideynlər imtahanda. Amma imtahan vermək üçün yox, prosesi izləmək üçün. Gəncə Dövlət Universitetində qış imtahan sessiyası çərçivəsində təşkil edilən “Açıq qapı”da KİV nümayəndələri də iştirak edib.

Xeyransa Əsgərova- valideyn: “Mən istəyirəm ki, bu şəraitdə oxuyan uşaqlar böyük mütəxəssislər olsunlar. Xalqımızın qiymətini bilsinlər. Elimizin, obamızın əxlaqlı, savadlı vətəndaşları olsunlar”.

46 il bundan öncə Gəncə Dövlət Universitetini bitirən Xeyransa Əsgərova indi yenidən imtahan prosesindədir, amma valideyn kimi nəvəsinin imtahanını izləmək üçün. Tələbələr isə imtahanda iştirak edən valideynlərinin üzünü ağ etmək üçün 1 saat ərzində 50 sualı cavablandırmalı olub. 

Abdulla Süleymanzadə- tələbə: “Sualları bir ay öncədən Universitet kafedralarından və mühazirə mətnləri saytından əldə etmişik. İmtahanı uğurla başa vurdum, 37 suala düzgün cavab verdim”.

Vaqif Süleymanov- valideyn: “Mənim oğlum İqtisadiyyat fakültəsinin birinci kursunda oxuyur. Bir imtahanını verib, əla qiymət alıb. Bu gün ikinci imtahandı, biz valideynlər də gəldik, imtahanın gedişatı ilə tanış olduq. Heç kimin müdaxiləsi olmadan tələbələr imtahanını verir”.

Test üsulu ilə keçirilən imtahan üçün Universitetdə 8 otaq ayrılıb. Tələbələrin irad və şikayətlərini təmin etmək üçün apelyasiya komissiyası yaradılıb. İndiyə kimi 32 müraciət daxil olub ki, bunların da 6-sında tələbələrin haqlı olduğu öz təsdiqini tapıb.
 

Asif Cavadov- GDU-nun rektorun baş müşaviri: “Sualın cavab variantı iki formada verilib. Məsələn: A bəndində də düzgün variantdır, B bəndində də düzgün variantdır. Tələbə bu iki düzgün cavabın hansını seçməlidir? Bu cür müraciətlər olunub və dərhal da tələbənin xeyrinə həll olunub”.

Gün ərzində universitetdə 4 fənn üzrə 200 tələbə imtahan verib. Fevralın 1-dək davam edəcək sessiyada təhsil ocağının 8 fakültəsi üzrə 41 ixtisasda 6000-ə yaxın tələbə iştirak edəcək.

Elnur Vahidoğlu