Bu günə xəbərlərin oxunma sayı: 869
— 10.01.2017 13:16

Paytaxtın Sabunçu və Binəqədi rayonunda oğurluq faktları qeydə alınıb

KepezTV Player

Oğurluq üçün mağazaya girdilər. Hünər iş görürmüşlər kimi, hələ bir satıcının sağlamlığına da qıydılar. Hazırda polis bu naqisliyi tərədənləri axtarır. Mobil telefon oğrusu isə artıq qanunun ədalətli əllərindədirlər.

Paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində quldurluq hadisəsi baş verib. İki nəfər naməlum şəxs mağazaya daxil olaraq, satıcı 53 yaşlı Hacıbaba Məmmədovdan pul tələb ediblər. Satıcı kassada pulun olmadığını deyəndə quldurlardan biri ona bıçaqla çoxsaylı zərbələr endirib. Cinayətkarlar məkanı tərk etdikdən sonra yaralı təcili tibbi yardıma zəng edib. Xəstəxanaya çatdırılan Hacıbaba Məmmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti ağırdır. Hadisə barədə 14-cü Polis bölməsinə məlumat verilib. Polis əməkdaşları mağazaya baxış keçiriblər. 

Binəqədi rayonunda isə Mirzəkərim Yaqubova məxsus mağaza qarət olunub. Gecə saatlarında dükana daxil olan oğru oradan 1400 manat pul, 25 ədəd mobil telefon aparıb. Oğuruluqdan ilk xəbər tutan satıcı Tərlan Babazadə olub.

Hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis bölməsinin əməliyyatçıları mühafizə kameralarının görüntülərini izləyiblər, dükan sahibi ilə söhbət aparıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazanı qarət etməkdə şübhəli bilinən, əvvəllər iki dəfə məhkum olunan Bakı şəhər sakini Yaşar Ziyadov saxlanılaraq istintaqa təhvil verilib. Oğurlanan mobil telefonlar Yaşar Ziyadovdan aşkarlanaraq zərərçəkmişə qaytarılsa da, kassadan aparılan pulun xərcləndiyi məlum olub.

Faktlarla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır. 

Vüsalə Camal