Bu günə xəbərlərin oxunma sayı: 1196
— 10.01.2017 10:25

Yol qəzalarında 3 nəfər öldü, 2 nəfər sağlamlığını itirdi

KepezTV Player

Yeni ildə də qəza xəbərləri bitib tükənmək bilmir. Yenə də müxtəlif fəsadlara yol açan yol-nəqliyyat hadisələri baş verib. İnsanlar ən dəyərli nemət olan canlarından yəni, sağlamlıqlarından olublar.

Paytaxtın Binəqədi rayonunda ağır yol qəzası qeydə alınıb. Cəfər Xəndan küçəsində 50 yaşlı Sevda İsmayılovanın idarə etdiyi avtomobillə sərnişin avtobusu toqquşub. Nəticədə Sevda İsmayılova ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Sevda İsmayılova 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimidir. O, iki dərs vəsaitinin müəllifidir.

Şəmkirin Səməd Vurğun qəsəbəsində də ağır yol-nəqliyyat hadisəsi baş verib. Yeniabad kənd sakini 61 yaşlı Nadir Əhmədovun idarə etdiyi “KİA Sorento” markalı avtomobillə Mingəçevir sakini 67 yaşlı Əbülfət Məmmədovun sükanı arxasında olduğu “Qrand River” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri aldığı üçün dünyasını dəyişib. İlkin ehtimala görə, qəzaya sürücülərdən birinin ani diqqətəsizliyi səbəb olub. Belə ki “KİA Sorento” markalı avtomobil hərəkət istiqamətindən çıxaraq digər nəqliyyat vasitəsinin yoluna çıxıb. Bu zaman sürəti yüksək olan “Qrand River”lə toqquşub. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Şirvanda isə avtomobilin dərəyə aşması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə Heydər Əliyev prospektində baş verib. Hacıqabul rayonunun Talış kənd sakini, 19 yaşlı Elnur Rəhimovun idarə etdiyi “KİA Sportage” markalı avtomobil böyük sürətlə hərəkətdə olarkən yoldan çıxıb və dərəyə yuvarlanıb. Nəticədə sürücü və sərnişin - Talış kənd sakini, 23 yaşlı Fərid Əliyev yüngül bədən xəsarətləri alıblar. Onlara Şirvan şəhər xəstəxanasında tibbi yardım göstərilib. Avtomobil tamamilə yarasız vəziyyətə düşüb.

Faktlarla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə