Bu günə xəbərlərin oxunma sayı: 1460
— 09.01.2017 15:43

Şəmkirdə yeni səhiyyə ocağı tikilir

KepezTV Player

Şəmkirlilərə şad xəbər. Uzun müddətdən sonra rayonda yeni mərkəzi xəstəxananın tikintisinə başlanılıb. Kompleks şəklində fəaliyyət göstərəcək tibb ocağında əhaliyə günün tələbləri səviyyəsində xidmət göstərmək mümkün olacaq.

33 il əvvəl inşa olunan xəstəxananın əvəzinə 2 ildən sonra müasir tələblərə cavab verəcək kompleks. Şəmkirdə yeni səhiyyə ocağı prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən tikilir.

Ayaz İbrahimov- Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “Xəstəxana tikintisində işlər çox sürətlə aparılır. Bilirsiniz, bizim hazırda xəstəxana və şöbələrimiz müxtəlif ünvanlarda fəaliyyət göstərir. Bu isə vətəndaşlar üçün bir çox çətinliklər yaradır. Yeni xəstəxanada isə bütün şöbələr bir yerdə olacaq”.

Xəstəxana 6 hektar sahədə əsas və yardımçı korpusları ilə birgə inşa ediləcək. Əsas bina 5, korpuslar isə 2 və 3 mərtəbəli olacaq. 190 çarpayılıq xəstəxanada poliklinika, doğum evi, təcili tibbi yardım və yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərəcək. Şəmkirdə ilk dəfə olaraq dializ mərkəzi də yaradılacaq.

Ayaz İbrahimov- Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “Bizim rayonda 86 nəfər dializə ehtiyacı olan xəstə var. Onlar hazırda ətraf rayonların xidmətindən istifadə edirlər. Yeni xəstəxananın inşası ilə bu xəstələrin də işi asanlaşacaq”.

Xəstəxanada mərkəzi istilik sistemi yaradılacaq və elektrik yarımstansiyası quraşdırlacaq. 3 su hovuzu da yaradılacaq. İnşaat işlərinin 2018-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Natiq Hüseyn