Bu günə xəbərlərin oxunma sayı: 1171
— 09.01.2017 15:31

Mütəxəssis məsləhəti: “Sahələrdə mütləq suvarma işlərini davam etdirmək lazımdır”

KepezTV Player

Sahələrə daraşan gəmiricilər, bitkidə müşahidə olunan erkən inkişaf, sonda aşağı olan məhsuldarlıq və ya bitkinin məhvi. Müşahidə olunan hava şəraiti fermerlər kimi kənd təsərrüfatı mütəxəssislərini də narahat etsə də, qabaqlayıcı tədbirin aparılması ilə ziyandan minimumla çıxmaq olar. Fermerlər sahələrdə aqrotexniki qayadalara necə əməl etməli olduqlarını qarşıdakı materialdan öyrənə bilərlər…

Şahin Abbasov- fermer: “Biz bu taxıl sahəsinə don suyu verməliyik. + 15,16,17 dərəcədə don suyunun aparılması zərərvericilərə heç də təsir göstərmir. Ona görə biz məcburi gözləmə mövqeyi tutaq ki, bu hava şəraitində qar yağırmı, don düşürmü. Bundan sonra biz sahələrə son suyu verməliyik. Biz həm də çalışıb, gəmiricilərə qarşı sahələrdə dərmanlama işlərini təkrar-təkrar aparmalıyıq”.

Havaların mövsümə uyğun olmayaraq isti və anomal keçməsi payızda gecikən dənli bitkilərin əkilməsinə öz müsbət təsirini göstərsə də, sahələrdə gəmiricilərin yaşamasına, eləcə də onların nəsil artımı üçün də münbit şərait yaradır.

Bitkilərdə fiziloji prosesin ləngiməməsi və inkişafın mərhələli şəkildə getməməsi mövsümə xarakterik hal deyil. Havanın yüksək temperaturu bitkinin tez oyanması ilə nəticələnir, ardından düşən şaxtalar isə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. 

Hüseyn İdrisov- kənd təsərrüfatı mütəxəssisi: “Temperaturun yüksəlməsi bitkini oyada bilər. Hava şəraiti +13-15 dərəcə arasında dəyişir bu da bitkinin kökünün inkşafına və şır hərəkətinə gətirib çıxarır. Son nəticədə havanın birdən mənfiyə doğru dəyişməsi bitkinin məhvinə səbəb ola bilər. Ona görə, sahələrdə mütləq suvarma işlərini davam etdirmək lazımdır, bu da bitkinin oyanmasının qarşısını alır”.

Hələ ki, dənli bitkilərdə və meyvə ağaclarında oyanma müşahidə edilməsə də, mütəxəssislər qabaqlayıcı tədbirlərin davam etdirilməsini vacib sayır.  Rahil Həsənov- Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: “Çoxillik əkmələrdə, yonca sahələrində, meyvə və üzüm bağlarında don suyunun vurulması çox vacibdir. Bu, həm zərərvericilər üçün mübarizə tədbiridir, həm də həmin bitkilərin nəmliklə, suyla təminatında yaxşı şərait yaradır”.

Sahələrdə indiki halda gəmiricilərə qarşı mübarizəni kütləvi dərmanlama formasında aparmaq vacib sayılır. Əks təqdirdə zərərvericilərin aktiv fazada fəaliyyətinin qarşısını qar, şaxta belə ala bilməyəcək.

Xaliq Qurbanlı