Bu günə xəbərlərin oxunma sayı: 1008
— 09.01.2017 10:08

Mifik canlılar muzeyi...

1960-cı illərdə Londonda vaxtilə Tomas Teodor Merlinə aid olan və artıq istifadə müddətini başa vurmuş yaşayış binasını sökməyə başlayırlar. Dağıntılar təmizlənərkən binanın zirzəmisindən xeyli sayda ağzı möhürlənmiş taxta qutu aşkarlanır. Qutuların ağzı açıldıqda isə hər kəs heyrətə düşür. Onların içərisindən müxtəlif məxluqlara aid cəsədlər çıxır. O məxluqlar ki, onların varlığı mümkünsüz hesab edilir...

Qutuların içərisindən öz görünüşü ilə mifik canlılar olan pəriləri xatırladan qanadlı skeletlər, əjdahayabənzər məxluqların, hər hansı canlı və ya insana xas hesab edilməyən kəllə sümükləri aşkar edilir. Onların yanında isə hər canlının xüsusiyyətlərinin əks olunduğu çoxlu sayda unikal əlyazmalar tapılır. Tapıntıları tədqiq edən alimlər bütün bunların Tomas Teodor Merlinə məxsus olduğu qanətinə gəlirlər. Bunun başlıca səbəbi isə Tomas Merlinin müəmməlı həyatı və ömrü boyu apardığı araşdırmaları olur.

Tomas Merlin 1782-ci ildə Londonda dünyaya gəlib. Doğuş vaxtı anasını itirən Toması atası Edvard Merlin böyüdür və tərbiyə edir. Hərbi general olan Edvard oğlu dünyaya gəldikdən qısa müddət sonra pensiyaya çıxır və özünə yeni məşğuliyyət tapır. O, təbiətin sirli qatları ilə maraqlanmağa, oğlu ilə birlikdə dünyanı gəzərək varlığı sübut olunmayan heyvan və bitkilərı axtarmağa başlayır. Bu səhayət Edvard dünyasını dəyişənədək davam edir. O, vəfat etdikdən sonra isə işini oğlu Tomas Merlin davam etdirir. Elmi tədqiqatlarla məşğul olan Tomas dövrünün tanınmış alim və mütəxəssisləri ilə yazışmalar aparır və öz unikal kolleksiyasını toplamağa davam edir.

Tomas Merlin bu kolleksiyanı nümayiş etdirmək qərarına da gəlir. Bu fikirlə o Amerikaya səfər edir. Lakin dar düşüncəli yerli əhali onun nümayiş etdirdiyi varlıqlara qarşı neqativ reaksiya sərgiləyir. Bunu görən tədqiqatçı öz kolleksiyasını dünyaya nümayiş etdirmək fikrindən daşınır və geri qayıdır.

Tomas Merlinə qarşı belə neqativ fikir formalaşmasının digər bir səbəbi isə onun xarici görünüşü olur. Yaşından çox cavan görünməsi haqqında müxtəlif söz-söhbətlərin yayılmasına gətirib çıxarır. Bu söz-söhbət o həddə çatır ki, Toması ona ölümsüzlük bəxş edə biləcək mistik məşğələlərdə ittiham etməyə başlayırlar. Bu şübhələr 1942-ci ilin yazında daha da artır. Belə ki, həmi vaxt özünü Tomas Merlin adlandıran bir şəxs Londonda ona məxsus evin sənədlərini təqdim edir və evi Tenbric uşaq evinə bağışladığını bəyan edir, bir şərtlə ki, ev heç vaxt satışa çıxarılmayacaq və  zirzəmisi heç vaxt açılmayacaq.

Tomas Merlinin fəaliyyətini izləyən insanlar sözsüz ki, həmin vaxt onun öldüyünü düşünürdülər. Çünki 1942-ci ildə  tədqiqatçının 160 yaşı olmalı idi. Lakin özünü Tomas Merlin adlandıran həmin şəxs tezliklə yoxa çıxır və onu tapmaq mümkün olmur. Bununla belə qoyduğu şərtə əməl olunur və evin zirzəmisi açılmır. 1960-cı illərədək...

İndi bu unikal kolleksiya yazıçı, heykəltaraş və illüstrator Aleks CF adlı bir şəxsin əlindədir. O, kolleksiyanı  yaratdığı "Merrilinin Zirzəmi Muzeyi"ndə onlayn şəkildə sərgiləyir. Aleks CF bu kolleksiyanı necə əldə edib, demək çətindir, lakin çoxları bu artefaktların həqiqiliyinə şübhə ilə yanaşır. Onlar hesab edirlər ki, kolleksiya əslində Aleks CF-in təxəyyülünün və bacarıqlı əllərinin məhsuludur. Bu düşüncə muzey ətrafında formalaşan bütün mistik firkirləri dağıtsa belə, mifik canlıları xatırladan bu skeletlər insanın qanını dondurmağı və maraq oyatmağı bacarır...

Almaz İbrahimli