Bu günə xəbərlərin oxunma sayı: 1460
— 31.12.2016 14:30

Qərb bölgəsi 2016-ci ildə önəmli addımlarla yadda qalıb

KepezTV Player

Qərb bölgəsinin əhatə olunduğu 8 inzibati rayon və 2 şəhər də 2016-ci ildə sosial-iqtisadi inkişaf, sahibkarlığın inkişaf etdirilməsi və investisiyaların cəlb edilməsi sahəsində önəmli addımlarla yadda qalıb.

Bu il daha çox sosialyönümlü müəssisələrin açılışı ilə yadda qalıb. Buraya yol nəqliyyat infrastrukturunun genişləndirilməsi, səhiyyə xidməti və kommunal sahənin inkişafına təkan verəcək müəssisələri misal göstərmək olar. Regionun mərkəzi olan Gəncədə özəl bölmənin artan payı, sənaye istehsalında yüksəliş, Şəhər iqtisadiyyatında mühüm rol oynayan “DET.AL Alüminium” və “Gəncə Avtomobil zavodu”nda məhsul buraxılışının həcminin artması iqtisadi göstəriciləri daha da yaxşılaşdırıb.

Nicat Nəsirli- iqtisadçı: “Bölgənin sosial-iqtsiadi həyatında ən mühüm hadisələrdən biri Det-Al alüminium böyük metallurgiya kompleksinin artıq fəaliyyətə başlaması, öz fəaliyyət sahəsini genişləndirməsi oldu. 2017-ci ildə artıq Det-Al alüminium zavodu elmi tədqiqat nəticəsində əldə olunmuş elmi tədqiqat işlərinin həm daxili, həm də dünya bazarına təklif olunması prosesini başlayacaq ki, o da bu bölgənin sənaye əhəmiyyətini artırmış olacaq".

Sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması, əhəmiyyəti ilə seçilən müəssisələrin təməlinin qoyulması və inşasının davam etməsi, nəinki Gəncə, bölgə və ölkə əhəmiyyəti daşıyır. Geniş ərazilərdə pambıq, tütün, tut tinglərinin əkilməsi, taxıl və üzüm sahələrinin genişləndirilməsi, ənənəvi və region üçün yeni olan məhsulların əkilməsi və gözləntiləri doğrultmasını qeyd etməyə dəyər. Xüsusilə, ölkədə ilk dəfə olaraq Şəmkirdə bələdiyyələrin nəzdində yaradılan istehsal və xidmət müəssisələri regionun iqtisadi və aqrar imkanlarını bir qədər də artırmış oldu.

Vüqar Zeynalov- Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti: "Azərbaycanın qərb zonasında ənənəvi kənd təsərrüfatı, Gəncədə isə sənaye də inkişaf etmişdir. Bu zonada bizim çox aktiv sahibkarlarımız var. Onlar elə daim axtarışdadırlar. Daim çalışırlar. Bu, həqiqətən çox perspektivli regiondur. Allah bu regiondan heç nə əsirgəməyib. Burada biznes mühiti əlverişli olsa, vətəndaş-məmur münasibəti yaxşı tərəfə dəyişsə, bu regionu sürətli inkişaf gözləyir".

Regionun sürətli inkişafına və qeyri-neft sektorunun payının artmasına bölgənin turizm imkanları da şərait yaradır. Burada hələki dominantlıq Naftalana məxsusdur. Müalicəvi turizm məkanı kimi qərb regionun digər şəhər və rayonlarında da turizmin inkişafı üçün işlərin aparılması, mərkəzləşmiş daxilolma olan dotasiyanın da azaldılması və ya ləğvinə imkan yaradar. Bu da nəticədə, dövlətin sosial siyasətinə təkan verər.

Nicat Nəsirli- iqtisadçı: "Bu bölgənin sosial infrastruktur problemlərinin 2016-cı ildə həll olunduğunu deyə bilərik. Əsas məsələ, 2017-ci ildə həyata keçiriləcək məsələlərdir. Bununla bağlı artıq dövlət əhəmiyyətli sənədlər hazırdır. 2017-ci ildə Gəncədə inkişaf etdirilməli olan sahələr kiçik və orta sahibkarlıq istiqaməti investisiya və xidmət bazarının inkişaf etdirilməsi olacaq".

 Bu isə yeni ildə əhalinin rifah halının daha da yaxşılaşması, işlə təmini, icra edilən layihələrin davam etdirilməsi və nəticə etibarı ilə qarşıya qoyulan vəzifələrin icrasına şərait yaradar.
 

Jalə Qurbanova