Bu günə xəbərlərin oxunma sayı: 728
— 31.12.2016 14:25

Ölkə rəhbərinin 2016-cı ildə bölgələrə səfəri Qərb regionundan başlayıb

KepezTV Player

Geridə qoyduğumuz 2016-cı ildə prezident İlham Əliyev regionlara 11 dəfə səfər edib. Onların arasında Qərb bölgəsi, konkretləşdirsək - Gəncə, Tovuz, Qazax və Ağstafaya səfər də yer alır.

Ölkə rəhbərinin 2016-cı ildə bölgələrə səfəri Qərb regionundan başlayıb. Fevral ayına təsadüf edən bu səfər Tovuz rayonunda 32 min əhalinin yaşadığı 13 yaşayış məntəqəsini əhatə edən 34 km-lik 3-cü dərəcəli Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açışı ilə yadda qalıb. 200 yerlik 7 saylı körpələr evi uşaq bağçasının açılışında da ölkə başçısı İlham Əliyev iştirak edib. Tovuzçay su anbarının istifadəyə verilməsi isə prezidentin rayona 7-ci səfəri çərçivəsində ən əlamətdar hadisələrdən biri olub.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “20 min ha-da suvarma yaxşılaşacaq. 300 ha yeni suvarılan torpaqlar dövriyyəyə buraxılacaq. Əlbəttə ki, su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Arzumuz, bütün bölgələrdə kənd təsərrüfatının inkişafıdır. Bu, iş yerlərinin açılması, yerli istehsalın artması deməkdir. Kənd təsərrüfatı neft və qazdan sonra əsas ixrac məhsulumuz olmalıdır”. Fevralın ayının 17-də ölkə başçısı mühüm karvan yollarının ayrıcında yerləşən Gəncədə olub. 8-ci əsrə aid tarixi memarlıq abidəsi olan İmamzadə Dini Mədəniyyət Kompleksinin açılış mərasimilə başlayan səfər bir çox əlamətdar hadisələrlə yadda qalıb. Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin əlavə tədris korpusunda yaradılan şəraitlə tanışlıq, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin nəzdindəki 240 yerlik körpələr evi uşaq bağçasının əsaslı təmirdən sonra açılışı, hərbi qulluqçular üçün şəhərciyin istifadəyə verilməsi, əsaslı təmirdən sonra istifadəyə verilən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, ADAU-nun tələbə yataqxanasının, Nizami yarımstansiyasının açılışlarını xüsusi qeyd etməyə dəyər. Gəncə dövlət filarmoniyasında tikinti işlərinin gedişatıyla tanışlıq, Gəncə Avtomobil Zavodunda istehsal prosesi, Gəncə 2016 Avropa Gənclər Paytaxtı Parkı, Park bulvar kompleksi də prezidentin olduğu məkanlar sırasında idi. Dövlət başçısının bölgəyə ikici səfəri isə ilinin 3-cü rübünə təsadüf edir. Bu dəfə Qazax və Ağstafaya. Oktyabr ayında reallaşan Qazax səfəri Qazax-Kosalar avtomobil yolunun açılışı ilə yadda qalıb. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışı, Daş Salahlı yarımstansiyasının istifadəyə verilməsi, "Birinci Şıxlı" fermer təsərrüfatında istehsala başlanılması da prezident İlham Əliyevin xeyir-duası ilə reallaşıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Qazax rayonunda şəkər çuğunduru üçün əkin sahələri nəzərdə tutulub. Bu, çox vacib bir sahədir. Çünki, biz özümüzü şəkər çuğunduru ilə tam təmin etməliyik ki, İmişlidə fəaliyyətdə olan şəkər zavodu yerli xammal əsasında işləsin. Digər sahələrdə də belə olmalıdır. Bilirəm ki, indi Qazax rayonunda fındıqçılığa da böyük maraq göstərilir, dövlət də bunu dəstəkləyir. Bu da çox gəlirli bir sahədir, həm kənd adamlarının maddi vəziyyətini yaxşılaşdıracaq, həm də böyük ixrac potensialımız yaranacaq”.

 Karvan-LEKO sənaye parkında müəssisə və istixana kompleksinin açılışı, Ağstafa Aqroservisin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının, taxıl anbarının təməlqoyma mərasimi, Musiqi Mərkəzinin, Modern mebel fabrikinin açılışı isə dövlət başçısının Ağstafa səfərinə təsadüf edib. Ölkə rəhbəri Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra, eləcə də Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə də tanış olub. Prezident İlham Əliyevin səfərləri zamanı yerli sakinlərlə görüşməsi, sosial və iqtisadi əhəmiyyət daşıyan obyektlərin açılışını edib təməlini qoyması, həm də reallaşdırılan regional proqramların icrası ilə yerində tanış olmaq, yerlərdə inkişafa təkan verəcək qərarların qəbul edilməsi baxımından da əhəmiyyət daşıyır.

Xəyalə Mürsəl