Bu günə xəbərlərin oxunma sayı: 1223
— 30.12.2016 16:05

Yeni ili ölkə daxilində, yoxsa xaricində qarşılamaq sərfəlidir?

KepezTV Player

Bayramda istirahət üçün xaricə üz tutanlarlar əvvəlki qədər çox deyil. Gəncədə fəaliyyət göstərən turizm şirkətlərindən Yeni ili xaricdə qarşılamağı və ya bayram günlərini xaricdə keçirməyi planlaşdıranların sayının ötən illə müqayisədə 50% azaldığı deyilir.

Aytən Qasımova- Turizm-satış meneceri: “Ancaq Dubay. Misirə də olur, amma, çoxluq Dubayadır. Dubaya gedənlərin əksəriyyəti alış-veriş üçün gedir. Orada 7 yanvara qədər sərgi olur. Ucuz qiymətlər olduğuna görə, çox vaxt sərgiyə, alış-verişə gedirlər”.

Kəmalə Vəliyeva- Turizm-satış meneceri: “Xariclə bağlı sifarişlər çox az olur. Olan da İstanbul, Dubay, Misir - həmişəki kimi. Manatla olduğuna görə, ölkədaxili gəzintilər daha sərfəlidir. Hətta Gürcüstan belə bu il baha gəlir - 2 nəfər üçün 3 günlük istirahət hardasa 400-500 dollaradır. Amma Azərbaycanda onun kimi bir istirahət 500 manatdır. Ona görə də üstünlük ölkə daxilinə verilir”.

"Yeni ili harada qarşılayacaqsınız?" sualını cavablandıran sakinlər də turizm şirkətlərinin verdiyi məlumatın doğruluğunu təsdiqlədi.

Şəhər sakini: “Azərbaycanda qeyd edəcəm, ölkə daxilində olacam. Öz vətənimdə - Bakıdan gəlmişəm, Gəncədə qeyd edəcəm. Burada evdə olacam”.

Daxili turizmdə isə üstünlük həmişə olduğu kimi qış turizmi üzrə ixtisaslaşmış bölgələrə verilir.

Rəşad Mustafazadə- Daxili turlar üzrə menecer: “Fəal bölgələrdən Şəki, Oğuz, Şamaxı turlarımız olur. Gədəbəy, Tovuz turları da həmçinin. Mütəmadi Lənkəran, Qobustan, hətta Lənkəran-Təbriz turlarımız da olur. Qəbələ, Qusar turlarına demək olar ki, hər həftə 2-3 avtobus yola salırıq. Elə tarixlər olur ki, ümumiyyətlə yer tapılmır müştərilərə. Dəfələrlə olub ki, əlavə avtobuslar artırmışıq. 150-200 turist yollamışıq”.

Kəmalə Vəliyeva- Turizm-satış meneceri: “Hazırda Yeni il günlərində ölkədaxili otellərdə yer tapmaq qeyri-mümkündür. Bayramla bağlı Qəbələ otellərinə 3 günlük sifarişimiz vardı, yer tapa bilmədik onlara. Məcbur qalıb ev bron etmişik. Ötən ilə nisbətən bu il Azərbaycana gələn xaricilər daha çoxdur. Dolların məzənnəsi yüksəkdir, otellərimiz isə manatla satış edir. Düşünürəm ki, kursla bağlı olaraq xaricilərə Azərbaycanda istirahət etmək sərf edir”.

Bu arada, xaricilərin ən çox üz tutduğu yerlərdən olan Naftalanda 2017-ci ili qarşılayacaq əcnəbilərin sayı 400 nəfərdən çox olacaq, 600-ü isə yerlidir. Bu isə şəhərdəki 5 ulduzlu otellərin tam bron edilməsi deməkdir. Ranqın bir qədər aşağı olan mehmanxanalar da müştəri baxımından qıtlıq yaşamır.

Xəyalə Mürsəl