Bu günə xəbərlərin oxunma sayı: 1345
— 30.12.2016 10:19

Yeni il bayramının tarixi

KepezTV Player

Bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Tarixçilər hesab edir ki, o dövrdə yaşayan insanlar daha çox təqvim dəyişikliyini təsərrüfatları ilə əlaqələndiriblər. Yəni biçim vaxtı gələndə bir ilin tamam olduğunu bilirdilər. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən günü "Günəş qapısı" adlandırıblar. Sonralar Qərbdə də təqvimin dəyişdiyi gün bayram kimi qeyd olunmağa başlayıb.

Tarixdə müxtəlif dövrlərdə fərqli təqvimlər olub. Amma Roma imperiyası rəsmi olaraq xristian dövləti kimi tanınandan sonra məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm də Milad gününü özündə birləşdirmiş oldu.  Katoliklər və pravoslavlar miladı müxtəlif tarixlərdə qeyd etsələr də Yeni ilin gəlişini hamı dekabrın 31-dən yanvarın birinə keçən gecə bayram edir.

Küknar ağacı

Bu adətin də qədim tarixi var.  Çoxları ağac bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, bu ənənə xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin tanrısının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. XVI əsrdə isə Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilərmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya — Amerikaya yolkanı almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir.

Şaxta Baba

Şaxta Baba kimi tanınan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant Nikolas, Noel baba, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da, bu adlardan ən populyar olanı Santa-Klausdur. Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır. Qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən şəklə düşüb. Hazırda Türkiyənin  Muğla vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşişin 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olduğu hesab edilir. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı olub. Bu qızlar cehiz üçün pul tapa bilmirmişlər. Amma gecə naməlum bir xeyirxah onlara kömək edib. Bu kömək edən şəxsin Nikolas olduğu düşnülür.  Beləliklə də keşişin bu xeyirxahlığı barədə rəvayət dildən-dilə gəzib. Onun səxavəti və arzuları yerinə yetirməsi haqqında əfsanə yaranıb.

Atəşfəşanlıq

Fişənglər təxminən 2000 il öncə Çində kəşf olunub. Onların bayramda partladılması adəti də elə Çinə aiddir. Çinlilər hər yeni ilin gəlişini atəşfəşanlıqla, partlayışlarla qarşılayırdılar ki, köhnə il bu səs-küydən qorxub qaçsın. Zaman ötdükcə bu ənənə də bütün dünyaya yayılır. İndi atəşfəşanlıq yalnız ilin son günündə yox, bir çox bayramlarda  səmanı gözəlliyi ilə bəzəyir.

Almaz ibrahimova