Bu günə xəbərlərin oxunma sayı: 1148
— 28.12.2016 15:02

Ağstafa və Şəmkir sahibkarları ərazi assosiasiyasında birləşir

KepezTV Player

Əhalinin məşğulunu təmin edəcək kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi Azərbaycanda strateji xarakterlidir. Ona görə onların təşkilatlanması qarşıya çıxan çətinliklərin həlli yolunda müsbət addım hesab olunur. Bu yöndə ilk təşəbbüs isə Ağstafa və Şəmkirin iş adamlarından gəlib.

Zöhrə Məmmədova- şirniyyat sexinin sahibi: "15 ildən çoxdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. 6 ilə yaxındır ki, şirniyyat sexi kimi fəaliyyət göstəririk. Amma seximiz kiçikdir. Bir neçə şirniyyat sexi ilə birləşib işimizi böyütmək istəyirəm. Gələcəkdə biliklərimizi artırıb, bu sahədə ixtisaslaşmaq üçün çalışıram".

Şirniyyat məhsullarının istehsalı ilə bağlı kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zöhrə xanım uğur qazanmağın birgə fəaliyyət nəticəsində əldə olunacağına əmindir. Elə dünyada baş verən proseslər fonunda da, əsas çağırış sahibkarların təşkilatlanmasından ibarətdir.

Vüqar Zeynalov- Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti: "Hazırda ASK Ağstafa və Şəmkirin təşəbbüsünə dəstək veririk. Onlar orada sahibkarların ərazi assosiasiyalarını yaratmaq istəyirlər. Çox vacib məsələlərdən biri sahə assosiasiyalarının yaradılmasıdır”. Klasterlərin yaradılması strateji yol xəritəsində də əks olunub. Bu eyni fəaliyyət növü, bir-birinə oxşar sahələr ilə məşğul olan sahibkarların bir yerdə olmasıdır. Bu, həmin sahələrin inkişafına təkan verəcək.

Sahibkarların qarşılaşdığı çətinliklərin yerində həlli üçün isə dövlət-biznes dialoqunun əhəmiyyəti böyükdür. Bu çərçivədə xüsusilə sahibkarlar fəallıq nümayiş etdirməlidir.

Qalib Bayramov- İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri: "Danışıqlarda sahibkarlar tək-tək iştirak etmirlər. Onlar gərək təşkilatlansınlar və öz assosiasiyalarını yaratsınlar. Yaxud hansısa assosiasiyaya üzv olsunlar, çünki dövlətlə biznesin dialoqunda təşkilatlanmış hansısa bir sahibkarlıq subyektinin təmsil olunması çox çətindir. Ona görə mən birinci növbədə onlara təşkilatlanmağı tövsiyə edəcəm".

Qərb regionu və Gəncədə fəaliyyət göstərən 50-dən artıq iş adamının "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində bir araya gəlməsi də fəaliyyətlərinin perspektivlərini müzakirə etmək imkanı verib.

Jalə Qurbanova