Bu günə xəbərlərin oxunma sayı: 700
— 26.12.2016 10:12

Yeni il bayramını ən yaddaqalan edən şəhərlər

Hamının səbirsizliklə gözlədiyi Yeni ilə az qalıb. Bəs bu bayramı harda keçirmək daha xoş əhval ruhiyyə, daha bol xatirələr bəxş edər? “İşgüzar” Yeni ili qarşılamaq, bayramı möhtəşəm keçirmək üçün füsunkar yerləri təqdim edir.

Tromsö, Norveç

Eyniadlı adada yerləşən qar şəhəri Tromsö şimal parıltısını seyr etmək üçün son dərəcə möhtəşəm yerdir. Bu şəhər şimal qütb dairəsindən təxminən 350 km məsafədədir. Buzla örtülü bu şəhər bir-birinə paralel olan 3 prospektdən ibarətdir. Burada it qoşqusunda gəzə, ləzzətli xörəklərdən dada və kanat vasitsəilə dağların zirvəsinə qalxa bilərsiniz. Yalnız bir şeyi qeyd edək ki, Tromsödə ilin bu çağı “gün” cəmi bir neçə saatlıq göy rəngli toranlıqdan ibarətdir. Bayram günlərində bu şimal şəhərində mehmanxanaların böyük hissəsi bağlı olur. Yalnız bulvarda yerləşən  Clarion Hotel Bryggen öz qapılarını sizin üzünüzə aça bilər. Bayram xörəyini isə ənənəvi Norveç xörəkləri təqdim edən Astro retsoranında yeyə bilərsiniz. 

Praqa, Çexiya

Çexiya paytaxtının Nerudova küçəsini gəzərək  qotika və barokko stilində inşa edilmiş tikililəri seyr edə, arxitekturanın gözəlliyindən zövq ala bilərsiniz. Dövlət operası və ya Milli teatrda opera və yə balet izləmək, yaxud da Qədim şəhər və Vaçlav meydanlarında ənənəvi yarmarkaya baş çəkmək imkanı da var. Hotel Josef-də 109 otaqdan biri gecələməyiniz üçün ideal yerdir. İçki sevənsizinsə, Praqanın bütün qonaqları kimi mütləq yerli pivənin də dadına baxın. U Pinkasů restoranında bir pinta pilzner pis olmazdı.

Laplandiya, Finlandiya

Finlandiyanın sabiq Prezidenti Urho Kekkonenin adını daşıyan milli park əsl möcüzəvi qış məkanıdır. Paytaxt Helsinki ilə park arasında saat yarımlıq yol var. Bu möhtəşəm yeri Saariselk kurort yolunda xizəklə və ya maral qoşqusu ilə gəzə bilərsiniz. Harda qala bilrəsiniz? Kakslauttanen otelində bəzi iqlularda xüsusi pəncərələr qoyulub ki, üşümədən qarın gözəlliyini seyr edə biləsiniz. Sampo arktik gəmisi ilə 4 saatlıq dəniz gəzintisi təşkil edilir, istirahətiniz üçün 6 dağ xizək kurortu da var.    

Sürix, İsveçrə

Hər il noyabrın 21-də bu Alp şəhərində qış mövsümünün başlaması şərəfinə 12 min büllur çıraq yandırılır. Sürixə səfər etməklə bu möhtəşəm mənzərəni görə bilrəsiniz. Bu şəhərə gedib çıxa bilsəniz, özünüzə bir böyük fincan isti şokolad götürün və Remiştrassedə qalereyanı ziyarətə yollanın. Sürixə səfər etmişkən “Conelli” sirki ilə də tanış olun, roman stilində inşa edilmiş Qrossmünster kilsəsində bayram konsertinə qulaq asın. Sihl çayı sahilində yerləşən Helvetia otel-restoranı yerləşmək üçün ən yaxşı məkanlardan biridir.

Reykyavik, İslandiya

Bu şəhərin səması sutkada yalnız 4 saat açıq olur, gecə vaxt isə açıq-yaşıl şimal şəfəqlərinə bürünür. Şəhərdə hər evin pəncərəsində İslandiyada Şaxta babanı əvəz edən 12 yolasveynarın heykəlciyi gözə dəyir. Qalmaq üçün qonaqlara xidmət səviyyəsinə və qiymətlərin münasibliyinə görə fərqlənən Hotel Leifur Eiriksson məsləhətdir. Yemək üçün isə bir-birindən dadlı, dəniz məhsullarından hazırlanan xörəklər təklif edən Vid Tjörnina restoranına gedə bilərsiniz.    

Boston, ABŞ

Ənənəvi atmosfer və ev rahatlığı Bostonu Yeni ili qarşılamaq üçün ideal yerlərdən birinə çevirir. Bikon-hill küçəsinə qar yağışını seyr etmək və ya Harvard Universitetinin Sanders teatrında şənlikdə iştirak insana inanılmaz zövq verir. Harda qalacağınız barədə fikirləşirsinizsə, XV Beacon hotelini təklif edə bilərik. No. 9 Park restoranı isə son dərəcə dadlı təamlar təklif edir.

Edinburq, Şotlandiya

Şotlandiyanın incisi olan bu şəhər öz incəsənəti və teatr mədəniyyəti ilə fərqlənir. Britaniyanın ilk şəhərlərindən olan Edinburq turistlərin marağını daha çox qədim qalaları ilə cəlb edir. Burada bayramlarda möhtəşəm atəşfəşanlıqla işıq şousu keçirilir. Qışda Balmoral sarayında kaminləri söndürülmür, Caledonian Hilton Edinburgh otelində isə əsl Plaza xidmətləri göstərilir. Bayram yeməyi üçün  Witchery by the Castle retsoranına getmək olar. Məhz burada qüsursuz şəkildə hazırlanan yerli qızılbalıq və ördək təklif edilir.

Malmö, İsveç

Qədimliyin müasirliklə vəhdət təşkil etdiyi bu İsveç şəhərində XVI əsr meydanında müasir dövrün sənət əsərlərini əldə etmək olar. Bayramda yerli sakinlər buxarının yanına Santa üçün yerli alkoqollu içki olan akvavit və siyənək balığından hazırlanmış bol yeməklər qoyurlar. Yeni il ərəfəsində İsveçə gedəcəksinizsə, Grand Hotel Garden Malmö-də qalmağınız məsləhətlidir. Bu dəbdəbəli və rahat hoteldə müştərilərə, əlbəttə ki, “İsveç masası”nda ənənəvi yeni il yeməkləri təklif edilir. Yox, əgər “İsveç masası” sizi özünə cəlb etmirsə, Petri Pumpa restoranında masa da bron edə bilərsiniz. Yeni il bayramında burada ətdən və balıqdan hazırlanmış çoxlu sayda yeməklər, müxtəlif ləziz içkilərlə ziyafət verilir.

Münhen, Almaniya 

Bavariya paytaxtında qış Marienplas meydanında 30 metrik yolka, ənənəvi yarmarkalar, qlintveyn və pryaniklə səciyyəvidir. Harda qalacağınız barədə düşünürsünüzsə, qələbəlik Viktualienmarkt bazarının bir addımlığında yerləşən Louis müasir oteli məsləhətlidir. Otelin lobbisində yanan daş buxarılar sizi, ratuşa binasının balkonunda ifa olunan canlı musiqilər isə ruhunuzu isidəcək.

Amsterdam, Niderland

Santa-Klaus və ya Sinterklaase haqqında əfsanə Hollandiya paytaxtı üçün xüsusi əhəmiyyət kəsb edir. Amsterdamda artıq dekabrın əvvəllərindən evlər bayram işıqları ilə bəzədilir. Yeni ili Nivmart və Dam meydanlarında keçirməyə dəyər! Kayzerqraxt kanalının yaxınlığında yerləşən Canal House hoteli isə gecələmək üçün əla məkandır.

Provans, Fransa

Provansda qış həmişə nağıllara bənzəyir: yayın sonunda sakitlik çökən kəndlər yenidən canlanır, daş döşənmiş küçələrdə orta əsr kilsələrinə aid musiqilər eşidilir, qadınlar bazarlara axışırlar. Regionun ən yaxşı hotelləri Couvent Des Minimes Hotel & Spa və Терре Blanche Resortdur. Bayramda burada əməlli-başlı qələbəlik olur. Şato d'Estublon qəsri yanında yerləşən Bistrot Mogador isə özünəməxsus bayram yeməkləri ilə fərqlənir.

Almaz İbrahimova