Bu günə xəbərlərin oxunma sayı: 995
— 25.12.2016 16:59

Nazir: “Toxumçuluq və bir çox sahələrin inkişafında xüsusi addımlar atmaq istəyirik”

KepezTV Player

Kənd təsərrüfatı naziri Heydər Əsədov 2016-cı ildə kənd təsərrüfatı sahəsində əldə edilən uğurlar və 2017-ci ildə həyata keçirilməsi planlaşdırılan işlər barədə “Aqronom”a müsahibə verib.

Cənab nazir 2015-ci il kənd təsərrüfatı ili idi və bu il çərçivəsində çox böyük nailiyyətlər əldə olundu. Bəs, 2016-cı ili bu baxımdan necə xarakterizə etmək olar?

- Ümumiləşdirilmiş ifadədə desək, 2015-ci ildə biz kənd təsərrüfatının institusional əsaslarını yaratdıq. Normativ bazasını təkmilləşdirdik və eləcə də, kənd təsərrüfatına yeni texnologiyanın gətirilməsi, institusional əsasların yenidən qurulması istiqamətində yaddaqalan nailiyyətlər əldə etdik. Təbii ki, biz bu ili daha çox kənd təsərrüfatında ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına başlanğıc ili kimi qiymətləndiririk. Bu ənənəvi sahələr içərisində pambıqçılıq, ipəkçilik, tütünçülük xüsusi yer tutur. Hesab edirəm ki, bu ildən sonra ənənəvi sahələrin inkişafında daha ciddi addımlar atılacaqdır. Məhz bu məqsədlə də cənab prezident tərəfindən bizə tapşırıqlar artıq verilmişdir. Biz 13 ənənəvi sahə üzrə dövlət proqramlarının hazırlanmasını artıq başa çatdırmışıq. Yəqin ki, yaxın günlərdə təsdiq üçün Prezident Adminstrasiyasına təqdim olunacaqdır və növbəti illərin inkişaf istiqamətlərinin hədəflərini, maliyyə mexanizlərini ənənəvi sahələrin inkişafından gözləntilərimizin hamısı dövlət proqramında əks olunacaq. Növbəti ilimiz təbii ki, bu proqramın müddəaları icrasına daha çox yönəldiləcək. Bununla bərabər təbii ki, kənd təsərrüfatının inkişafının ümumi prioritetləri cənab prezident tərəfindən təyin olunub. Biz yenə də bu proqramlardan əlavə digər sahələrin inkişafını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəyik.

- Daha hansı ənənəvi sahələrin inkişafına xüsusi diqqət artırılacaq?

- Bəli, dediyim kimi 13 dövlət proqramı hazırlanıb. Eyni zamanda, növbəti ildə bu proqramlarla yanaşı bizim kənd təsərrüfatının inkişafında istənilən səviyyəyə cavab verməyən, xüsusilə toxumçuluq sahəsinin inkişafında xüsusi addımlar atmaq istəyirik. Bunun üçün ilk növbədə tərəvəz toxumçuluğunun inkişaf etdirilməsi üçün institusional əsaslar və baza yaratmağı planlaşdırırıq və təbii ki, 2017-ci ildə bu sahədə də müəyyən nailiyyətlər olacaq. Artıq lazımi işlərə başlanmışdır. Eyni zamanda kartof, qarğıdalı və buğda toxumçuluğunun inkişaf etdirilməsi üçün layihələrimiz artıq hazırdır. Yaxın vaxtlarda tender olunacaq. Bu sahədə də daxili toxum istehsalının təşkilini nəzərdə tuturuq. Eyni zamanda, Azərbaycanda ipəkqurdlarının təşkili  üçün artıq biz Çin və Koreya Respublikaları ilə danışıqlara başlamışıq. Növbəti illərdə dediyim kimi toxumçuluq və toxumçuluq məhsulları istehsalının inkişafında xüsusi nəticələr əldə etmək istəyirik. Amma bildiyiniz kimi bu sahələr yalnız toxumçuluq və proqramların icrası ilə məhdudlaşmayacaq. Şaxələndirilmiş digər sahələrin maddi-texniki bazalarından tutmuş inkişafını da hədəfləyirik.

- Baramaçılıqda ötən il fermerlərə toxumlar pulsuz olaraq paylandı. Bu il bu yönümdə hansısa güzəştlər nəzərdə tutulurmu?

- Bu il bildiyiniz kimi biz Çin Xalq Respublikasından 1500 ədəd ting gətirib bütün rayonlara əzəvsiz olaraq paylamışıq. Bu proses artıq başa çatdırılıb və iki gün bundan öncəyə qədər artıq onların 98 %-nin əkilməsi prosesi başa çatmışdır. Bundan sonra isə 5000 qutuya yaxın ipəkqurdu gətirməyi planlaşdırırıq. Həmin qurd toxumlarının da əhaliyə pulsuz paylanması nəzərdə tutulur. Bu barədə cənab prezidentin artıq sərəncamı var və biz bu ildən onların əvəzsiz paylanmasını həyata keçirəcəyik. Bu sahənin inkişafının rentabelliyini artırmaq üçün tərəfimizdən baramaçılığın subsidiyalaşdırılmasının yeni mexanizmi - dəstəyin artırılması istiqamətində yeni mexanizm nəzərdə tutulubdur. Yəqin bu günlərdə o da hökumətə təqdim olunacaqdır.

- Kənd təsərrüfatında maddi-texniki baza istiqamətində qarşıya qoyulan hədəflərə bu il nail olundumu?

-  Siz gördüyünüz kimi, bütün 52 rayonda Kənd Təsərrüfatı İdarələrinin yaradılması, eyni zamanda "Dövlət Baytarlıq Şəhərciyi"nin yaradılması, "Fitosanitar İnstitutu"nun yaradılması- bu işlər başa çatdırıldı.  Bu il ilin sonu və növbəti ilin əvvəli əsasən 12 regionda aqrokimya laboratoriyalarının yaradılması başa çatdırılacaqdır. Artıq bizim avadanlıqlar ölkəyə daxil olmaq üzrədir. Bu regionlarda bütün bu avadanlıqlar quraşdırılacaq. Torpaq tədqiqatının həyata keçirilməsinin yeni mərhələsinə başlayacağıq. Baytarlıq sahəsində isə, artıq bilirsiniz 6 regionda Baytarlıq İdarələri istifadəyə verilib, hazırdır. Digər 6-sı da hazırlanır. 35 rayonda isə artıq diaqnostik mərkəzin qurulmasını da başa çatdırmışıq və eləcə də Respublika Mərkəzi Baytarlıq Şəhərciyinin qurulmasını başa çatdırmışıq.  Bu ilin vəzifəsi isə daha çox avadanlıq gətirmək deyil, gətirilmiş avadanlıqların və yaradılmış maddi-texniki baza əsasında kadrların təhsili - "müəllimlərin müəllimi"ni və yaxud təlim keçmə yolu ilə bu prosesi başa çatdırmaqdır. Mərkəzi laboratoriya ilə artıq bir neçə ölkədə - Türkiyə, Yaponiya və digər ölkələrdə kadr hazırlığını demək olar ki, başa çatdırırıq. Bundan sonra isə baytarlıq üçün "müəllimlər müəllimi" olaraq və digər vasitələrlə regionlar üçün kadr hazırlığını başa çatdırmağı hədəfləyirik. Maddi-texniki bazada digər məsələlər - bildiyiniz kimi bizim 8 Elmi-Tədqiqat İnstitutumuz var - Elmi-Tədqiqat İnstitutlarının yenidən istifadəyə verilməsini, onların laborator avadanlıqlarla təchiz edilməsini və eləcə də, o baza əsasında ixtisaslaşdırılmış səviyyədə, tutaq ki, Meyvə-Tərəvəz İnstitutunda tingçiliyin, Heyvandarlıq İnstitutunda yeni cins mal-qaranın və digər aidiyyatı üzrə sahələrin inkişafını hədəfləyirik. Bu məsələ də ilin birinci yarısında başa çatdırılacaqdır.

- Növbəti ildə daha hansı xarici ölkələrlə əlaqələr qurmaq niyyətindəsiz?

- Demək olar ki, aidiyyatı üzrə bizim əksər ölkələrlə əlaqələrimiz var. Biz indi yeni əlaqələr yox, daha çox bir neçə il bundan əvvəl qurulmuş əlaqələrin - nəzərdə tutulmayan məqamların nəzərə alınmasını və yaxud əlaqələr ümumidirsə, konkret sahələr üzrə - fitosanitar, baytarlıq sahələri üzrə əlaqələrin detallaşdırılması istiqamətində iş aparacağıq. Ümumilikdə götürdükdə isə demək olar ki, əksər ölkələrlə və bu sahədə mövcud təşkilatlarla əlaqələrimiz normaldır və davam edir.

Aidə Ramizqızı