• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2027
— 29.10.2014 14:03

Kəlbəcər rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikiləcək

Gələn il Kəlbəcər rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikiləcək. Müasir xəstəxana Gəncədə məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yerləşəcək.

Kəlbəcər rayon mərkəzi xəstəxanasının tibb işçiləri 1993-cü ildən Gəncə- Göygöl yolunun solunda uyğunlaşmış binada fəaliyyət göstərir. Mərkəzi Xəstəxananın binası köhnə olduğundan tibb ocağına gələn il yeni bina tikiləcək. 50 çarpayılıq olacaq xəstəxananın sənədləşmə işləri artıq başa çatıb və layihəsi hazırlanır. 

Yusif Nəcəfov- Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini: “Bu məsələ həll olunmaq üzrədir. Gəncə şəhərində yeni tikilən qəsəbədə yer ayrılmışdır və gələn ilə orada yeni xəstəxananın tikilməsi planlaşdırılır. Müasir xəstəxana binası tikiləcək və lazım olan ən müasir aparatlarla təchiz olunacaq”.

Cari ilin arxada qalan dövründə isə tibb ocağına 30 min 181 nəfər müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2000 nəfər çoxdur. Müraciətlər daha çox mədə-bağırsaq, ürək-damar, qan təziyiqi ilə bağlı olub.

Yusif Nəcəfov- Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini: “Prezidentimizin göstərişindən sonra məcburi tibbi müayinələr aparılıb. Bu tibbi müayinələr tək Gəncə şəhərində yox, həm də ətraf rayonlardan aparılıb. Ona görə də say artıqdır”.

2 məntəqə, 2 şöbə və 6 bölməsində 30 həkim, 82 orta tibb işçisi çalışan Kəlbəcər rayon Mərkəzi Xəstəxanası üçün 13 tibb işçisinə də ehtiyac var.   

Elnur Vahidoğlu