Bu günə xəbərlərin oxunma sayı: 1212
— 24.12.2016 11:31

Türkiyənin Gəncədəki Baş konsulunun Rusiya səfirinin qətli ilə bağlı ARB Kəpəz-ə müsahibəsi

KepezTV Player

- Cənab konsul, RF-nın səfiri Andrey Karlovun öldürülməsi Türkiyədə necə xarakterizə olunur?

- Səfir Andrey Karlovun dekabrın 19-da öldürülməsinə, ilin sui-qəsd hadisəsinə çox üzülürük. Bunu bir türk diplomatı kimi söyləmirəm, bütün türk vətəndaşlarının düşüncəsi və hissi kimi dilimə gətirirəm. Bundan başqa bütün dünya səfirləri, biz konsullar ümumi siyasi bir ailənin fərdləriyik. Bu isə o deməkdir ki, ailə üzvümüzü itirməyə görə də təəssüflənir və kədərlənirik. Çünki biz eyni məslək üçün xarici ölkələrdə olduğumuzdan bir-birimizi çox yaxşı anlayırıq. Ölkələrimizin mənafelərini müdafiə etdiyimiz dövlətlərin qorumasında oluruq. Belə bir şəraitdə ölkə təmsilçisinin qətlinə Türkiyədə prezidentdən, ən sadə vətəndaşadək hər kəs üzüldü.

Türk diplomatları Avropada, Amerikada şəhid edilirlər. Deyirlər, “elçiyə zaval olmaz”. Amma son illərdə artıq bu deyim də nədənsə mənasını itirir. Çünki, siyasi hadisələr heç bir qayda, heç bir ənənə tanımır. Ortada dolaşan canilər vicdanı, insanlığı tapdalayaraq, bu çirkin əməlləri reallaşdırırlar. Bu da təkcə rus səfirinə qarşı olan basqın deyil, ümumilikdə Türkiyə Cümhuriyyətinə qarşı olan basqındır. Baş verən hadisə qəfil olsa da, nələrinsə davamıdır. Rus təyyarəsinin vurulması, 15 iyun çevriliş cəhdi, böyük şəhərlərimizdəki bombalamalar, Kayseridə polislərimizə, əsgərlərimizə qarşı edilən sui-qəsdlər, Suriyada İŞİD-lə olan mübarizədə veridyimiz şəhidlər- bunların hamısı əslində bir-birinə bağlı olaylardır. Hədəfin nə olması da bəllidir hər kəsə. Türkiyə və Rusiya münasibətlərinə xələl gətirmək. Zaman keçdikcə məqsədlər daha gözəl başa düşüləcək.

- Sadaladığınız kimi bu hallar birmənalı qarşılanmır. Türkiyə hökuməti bu hadisələrin törədilməsində kimdən, kimlərdən şübhələnir və qarşısının alınması üçün hansı tədbirləri görür?

- Bununla bağlı araşdırmalar davam edir, cinayət işi açılıb. Türkiyə və Rusiyadan olan ekspertlər bunun üzərində işləyir. Daha çox şübhələr FETÖ terror təşkilatının üzərindədir. Müəyyən səbəblər bu şübhəni doğruldur. Hadisədən sonra aparılan araşdırmalar sui-qəsdçinin kimlərlə bağlantıları olduğunu ortaya qoyur. Cinayəti törədən şəxsin görüşləri, onun hazırlanması, əlaqələri hadisənin arxasında FETO terror təşkilatının dayandığını deməyə əsas verir. Bunlar kukla terror təşkilatlarıdır, yəni bunlar başqalarından istifadə edərək müxtəlif maraqlarını həyata keçirir. Təşkilatın başında əyləşənin isə hələ də rahat oturması narahatedici məsələdir. Və açıq şəkildə FETÖ-nü media yolu ilə ört-basdır edənlər də var.

- Vurğuladınız ki, hadisənin arxasında FETO dayanır. Bu təşkilatın üzvləri Türkiyədə uzun müddət fəaliyyət göstəriblər və müəyyən strukturlarda hələ də qalmaqdadır. Bundan irəli gələrək Türkiyə hökuməti onların zərərsizləşdirilməsi və müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində nə kimi tədbirlər görür?

- Türkiyə bu ölkəyə əmanət edilən, etimadnaməsini prezidentə təqdim edən bir diplomatın xain sui-qəsd nəticəsində bir türk polisi tərəfindən alçaq şəkildə qətlə yetirilməsindən üzülür. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin araşdırlması, hadisə baş verən zaman onun cangüdənləri və digər güc strukturlarının cinayəkarı vaxtında zərərsizləşdirməməsi, polis işçisinin sərgiyə necə daxil olması üzərində araşdırmalar davam edir. Bu, Türkiyəyə qarşı aparılan qara piardır və turizm baxımından da gələnlərin etibarlı müdafiəsini şübhə altına almağa yönələn bir cəhddir. Lakin, dövlət çevrilişinə cəhddən sonra ordunun ortaya qoyduğu iradə, FETO və digər terror təşkilatarına qarşı mübarizə müdafiə sahəsində tədbirlərin gücləndirilməsinə təkan verdi. Bu, tək Türkiyənin yox, Avropanın da, onların vətəndaşlarının da müdafiəsi deməkdir.

- Orhan bəy, Türkiyədəki son hadisələr Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcək?

-Təyyarə hadisəsindən sonra baş verən dövlət çevrilişinə cəhd zamanı Türkiyəni başa düşən Rusiya olub və prezident Putin bizim dövlət başçısı ilə əlaqə saxlayıb. Ardından hər iki lider bir araya gəlib. Bu, birgə əlaqələrin davam etdirilməsini xidmət edir. Eyni zamanda, Suriya və İraqdakı mübarizəyə verilən dəstək də göz qabağındadır. Baş verənlərdən nəticə çıxarılması, Rusiya, rus xalqı səfirinin Türkiyədə öldürülməsinin acısını yaşadığını anlayırıq. Çünki biz də çoxlu şəhid verən ölkəyik. Bu təxribatların davam edəcəyini də nəzərdən qaçırmırıq. Azərbaycanın da müxtəlif sahələrdə Rusiya ilə münasibətlərin normallaşdırılmasında müxtəlif formatlarda göstərdiyi dəstək diqqət mərkəzindədir. Bölgədə sülhün və stabilliyin saxlanılmasında sərgilənən münasibətlər əlaqələrin daha da gücləndirilmıəsinə xidmət edir. 2017-ci ildə də bu nankor terror təşkilatlarının fəaliyyətinin davam edəcəyini də yaxşı bilirik. O üzdən, hər iki ölkə xalqlarına, bölgə xalqlarına aydın səma, rifah, sülh diləyirəm.

Xaliq Qurbanlı

Fərid Mehdizadə