Bu günə xəbərlərin oxunma sayı: 732
— 23.12.2016 16:34

Gəncədə dövlətin güzəştli kreditləri hesabına ixtisaslaşmış "Yaşıl market" yaradılır

KepezTV Player

2017-ci ilin may ayınadək istifadəyə verilməsi planlaşdırılan bu ticarət mərkəzi kənd təsərrüfatı məhsulları istehsalçılarının vasitəçi olmadan bazara çıxmasına şərait yaradacaq və nəticədə istehlakçıların əlverişli qiymətlərlə keyfiyyətli məhsullarla təmin olunması mümkün olacaq. 

SKMF-nin əsas prioritetlərindən biri də ölkədə yaradılan yaşıl marketlərə dəstək verməkdir. İndiyədək, dövlətin güzəştli kreditləri hesabına 4 ixtisaslaşdırılmış "Yaşıl market"in yaradılmasına ümumikdə 15.7 milyon manat güzəştli kredit verilib. “Yaşıl market”lərin əsas təyinatı fermerlərin, kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarların birbaşa alıcılarla təmasının qurulması yolu ilə daha az həcmdə xərc ödəməklə öz məhsullarının qısa müddət ərzində satışını təmin etməkdir.

 Arif Vəliməmmədov- SKMF-nin icraçı direktorunun müavini: “Yaşıl marketlərin Respublikanın müxtəlif bölgələrində yaradılması nəzərdə tutulur. Birinci istifadəyə verilməsi nəzərdə tutulan, İsmayıllı rayonundadır. Biri Gəncə şəhərində, digər ikisi də qısa müddətdə istifadəyə veriləcək. Gəncədəki layihənin növbəti ilin ortaları- 2017-ci ilin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur”.

"Yaşıl market"də eyni zamanda bütün lazım olan ləvazimatlarla təchiz olunan laboratoriya da mövcud olacaq. Bu laboratoriya vasitəsilə bazara çıxarılan məhsulların keyfiyyəti araşdırılıb  yoxlanılması təmin ediləcək. Eyni zamanda, hər bir “Yaşıl market”də soyuducu anbar kompleksi də yaradılacaq ki, bu da satışa çıxarılan məhsulların uzun müddət saxlanılması və keyfiyyətini itirmədən alıcılara çatdırılmasına xidmət edəcək.

Arif Vəliməmmədov- SKMF-nin icraçı direktorunun müavini: “Bu təklif dövlət tərəfindən sahibkarlara təqdim olunub. Eyni zamanda, bununla bağlı SKMF tərəfindən nümunəvi investisiya layihələri də hazırlanmış, bu yaşıl marketlər kompleksində nə olmalıdırsa, hansı sahələr inkişaf etməlidirsə orada öz əskini tapmışdır. İcra olunan layihələr- soyuducu anbar kompleksləri, müxtəlif laboratoriyalar satış üçün nəzərdə tutulan xüsusi yerlərdən ibarətdir”.
Gəncədə tikintisi davam edən "Yaşıl market"də 5000 kv metrlik anbar və 6 soyuducu qurulacaq. Vəli Xuluflu küçəsində yerləşən bazarda avtomobil və yük maşınlarının park edilməsi üçün 800 kv metr sahəsi olan dayanacaq da fəaliyyət göstərəcək. "Yaşıl market"də kənd təsəərrüfatı məhsulları ilə yanaşı sənaye məhsualları da satılacaq.

Jalə Qurbanlı