Bu günə xəbərlərin oxunma sayı: 1099
— 19.12.2016 15:34

Göygöldə heyvanlar arasında peyvəndləmə işləri aparılır

KepezTV Player

Brusellyoz xəstəliyinin ət və süd vasitəsi ilə insana keçmə riski nəzərə alınaraq təsərrüfatlarda profilaktik işlərə başlanılıb. Heyvanlar arasında bu yolxucu xəstəliyin qarşısını almaq üçün Göygöldə peyvəndləmə işləri aparılır.

Sənan Salahov -təsərrüfat sahibi: “Vaxtında çiçəkdi, qara yaradı, brusellyozdu bunlara qarşı tədbirlər görülür, peyvənd edilir. Ona görə də xəstəlik aşkar olunmur”.

Göygöl rayonunda epizootik vəziyyətin stabil olmasına səbəb təsərrüfatlarda aparılan peyvəndləmə işləridir. 400-ə yaxın xırdabuynuzlu heyvanı olan Sənan Salahov da qoyun-quzuda xəstəliyin müşahidə edilməməsində baytarların vaxtında müdaxiləsini vurğulayır. Rayon baytarlıq idarəsinin həkim birqadalarının brusellyoza qarşı “Rev-1” peyvəndinin tətbiqi də xəstəliyin yayılmamasına xidmət edir. Göz- damcı üsulu ilə tətbiq olunan peyvənd heyvanlarda 4-5 il ərzində bu xəstəliyə qarşı immunitet yaradır.

Oqtay Həmidov -Göygöl rayon Baytarlıq İdarəsinin rəisi: “Brusellyoz xəstəliyinin aşkar edilməsi üçün planlı şəkildə ildə iri və xırda buynuzlu heyvanlar arasında monitorinq məqsədi ilə qan nümunələri götürülərək Zona Baytarlıq Laboratoriyasında yoxlanılır. Burada müsbət reaksiya vermiş heyvanlar çıxdaş edilərək təlimata uyğun olaraq kəsilir. Az miqdarda olur və belə aparılmış profilaktik tədbirlər nəticəsi olaraq ildən- ilə xəstələnmə hallarının sayını aşağı salır”.

Heyvanların saxlanması, yemlənməsi və xəstəlikdən qorunması mövzusunda təsərrüfatlarda aparılan maarifləndirmə işləri də kəskin yolxucu xəstəliklərin aşkarlanmasına imkan vermir.

Bu il ərzində 124 min xırda buynuzlu heyvanın brusellyoz xəstəliyinə qarşı peyvənd olunması nəzərdə tutulur. Artıq bu heyvanlardan 115 mini peyvənd olunub. Digər heyvanlar isə ilin sonuna kimi peyvənd olunacaq.

Heyvanlar brusellyoza qarşı peyvənd olunduqdan sonra baytarlar tərəfindən ərazi deziinfeksiya da edilir. Göygöl rayonu üzrə xırda və iri təsərrüfatlarda ümumilikdə 163 min xırdabuynuzlu heyvan saxlanılır.

Elnur Vahidoğlu