Bu günə xəbərlərin oxunma sayı: 1264
— 18.12.2016 13:23

Xaçmazada heyvanlar bruselyoz və dabaq xəstəliklərinə qarşı peyvəndləniblər

Xaçmaz rayonuna lizinq yolu ilə yeni cins iribuynuzlu heyvanlar gətirilib. Həmin heyvanlar fərdi təsərrüfatda saxlanılır. 216 baş heyvan üzərində karantin tədbirləri çərçivəsində bruselyoz və dabaq xəstəliklərinə qarşı ilkin peyvəndləmə işləri aparılıb.

Peyvəndləmə tədbirləri Xaçmaz rayonunun Çarxı kəndində fərdi təsərrüfatda aparılıb. 5 gün ərzində 216 baş iribuynuzlu heyvan bruselyoz xəstəliyindən seroloji müayinə və dabaq xəstəliklərinə qarşı vaksinasiya olunub. Avstriyadan gətirilən cins inəklərdən götürülən ilkin qan nümunələri respublika baytarlıq labarotoriyasına göndərilib və nəticələr yaxın vaxtlarda bilinəcək.

Ümumilikdə isə Xaçmazın heyvandarlıq təsərrüfatlarında aparılan vaksinasiya işləri yekunlaşıb. Cari ildə rayon üzrə 40 min iribuynuzlu, 46 min xırdabuynuzlu heyvanda, 500 baş donuzda, və 255 min 573 ev quşunda vaksinasiya işi aparılıb. Baytarlar heyvanlar arasında yayıla biləcək qarayara, sarılıq, dabaq, brüselyoz kimi yoluxucu virusların qarşısını almaq, eləcə də təsərrüfatlarda yayılmasını önləmək üçün qabaqlayıcı tədbirlər görüb. Aparılan profilaktik tədbirlər nəticəsində bu il iri və xırdabuynuzlu, eləcə də ev quşlarında ciddi xəstəliklərə rast gəlinməyib.

Mütəxəssislər bildirir ki, il ərzində baytarlıq idarələri tərəfindən aparılan profilaktik tədbirlərlə yanaşı, fermerlər də bu işdə maraqlı olmalıdır. Dövlət tərəfindən maliyyələşən tədbirlərlə yanaşı, heyvanlarda müəyyən xəstəliklər də var ki, bunlara qarşı müayinə və müalicə təsərrüfatçının şəxsi hesabına aparılır.

Xaçmaz rayonunda 14 baytarlıq məntəqəsi var. Rayon üzrə növbəti peyvəndləmə işlərinə 2017-ci ilin yanvar ayında başlanacaq. Birinci yarım illikdə keçiriləcək tədbirlər çərçivəsində seroloji müayinələr aparılacaq,  vərəm, dabaq, qarayara xəstəliyinə qarşı qan nümunələri götürüləcək.

Elmar Əbülfətoğlu