Bu günə xəbərlərin oxunma sayı: 859
— 18.12.2016 13:29

Lənkəranda ilk dəfə keçi təsərrüfatı yaradılıb

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayan mal-qara və quşçuluq təsərrüfatlarının yaradılmasına və mövcud təsərrüfatların genişləndirilməsinə əlverişli şərait yaradıb.  Cənub bölgəsində, habelə Lənkəranda da bu sahənin imkişafı əhalinin yerli məhsullarla təminatında mühüm rol oynayır.

Heyvanların cins tərkibinin yaxşılaşdırılması bu sahənin  inkişafında əsas rol oynayır. Çünki sözügedən məsələ  yüksək məhsuldarlığa və daha çox gəlir əldə etməyə imkan verir. Cins inəklərin yetişdirilməsi istiqamətində süni mayalandırma üsulundan istifadə səmərəli olduğundan, cənub bölgəsində də fermerlərin buna marağı artıb. Ötən ilin 9 ayında təkcə Lənkəran rayonunda  800-900 baş heyvan süni mayalandırılmışdısa, 2016- il bu rəqəm xeyli artıb.

İqtidar Teymurov- Lənkəran Rayonlararası Süni Mayalanma Mərkəzinin direktoru: “Bu ilin 9 ayında 1200-dən çox heyvanda süni mayalandırma aparılıb. Bu rəqəm özü də göstərir ki, vətəndaşlarda, hüquqi və fiziki şəxslərdə süni mayalandırmaya maraq artıb”.

Rayonda ilk dəfə olaraq keçi təsərrüfatı da yaradılıb. 4 il öncə lizinq yolu ilə əldə edilən, bir neçə başdan ibarət olan İsveçrə cinsli keçilərin sayı bu gün 100-ü ötüb. Hər 5 aydan bir balavermə qabiliyyətinə məxsus olan bu keçilər sırf südlük məqsədilə yetişdirilir. Qiyməti 800-1200 manatadək olan   “Saanen” keçiləri məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malikdir. Həmçinin bir sıra xüsusiyyətləri ilə yerli keçiləri xeyli üstələyir. Məlumata görə, yerli keçilər gün ərzində 1 litr süd verə bilirsə, bu cinsdən olan keçilər ən azı 3 litr, bəzən hətta 9-11 litr süd verə bilirlər.

Həm  keçilərdə, həm də  digər heyvan və quşlarda yoluxucu xəstəliklərə qarşı  peyvəndlərin, profilaktik tədbirlərin aparılması əsas vacib şərtlərdən sayılır. Bu məsələlər rayon baytarlarının da  diqqət mərkəzindədir.

Gələn ilin yanvar ayından başlayaraq isə iribuynuzlu heyvanlardan mərhələli şəkildə qan nümunələri götürülərək laborator müayinələr aparılacaq.

Aqrar sahədə həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə Lənkəranda  qaramalın sayı  ötən ilə  nisbətən 1,5 faiz artaraq 53 min 600  başa, qoyun və keçilərin sayı 1,9 faiz artaraq 22 min 400  başa çatıb, quşların sayı isə 2,3  faiz artımla 512 min  olub. Görülən tədbirlər məhsul istehsalına da müsbət təsir göstərib. Belə ki,  2016-ci ildə ət istehsalı diri çəkidə 8658 ton artaraq 5 min 967 tona, süd istehsalı 363  ton artaraq 30 min 275 tona, yumurta istehsalı isə 195 min 500 ədəd artaraq 15  milyon 200 min ədədə çatdırılıb.

Aidə Ramizqızı