Bu günə xəbərlərin oxunma sayı: 1396
— 18.12.2016 13:26

Şəki və Qaxda heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanılır

Şimal-qərb bölgəsi olan Şəkidə və Qaxda heyvandarlıq xüsusi yer tutur. Əlverişli təbii-coğrafi şəraitə malik olan rayonda əhalinin müəyyən bir hissəsi bu təsərrüfatla məşğul olur. Heyvandarlığın inkişaf etdirilməsində baytarlıq nəzarəti əsas vacib amildir. Bəs hazırda adıçəkilən rayonlarda baytarlıqda vəziyyət necədir?

Əhalinin əsas məşğuliyyətlərindən olan heyvandarlığın getdikcə inkişaf etdiyi şimal-qərb bölgəsində, xüsusilə də Qax rayonunda heyvanlar arasında xəstəliklərin yayılmaması üçün mütəmadi olaraq mübarizə tədbirləri aparılır. Dövlət Baytarlıq Xidmətinin regional qurumları tərəfindən mal-qara arasında müşahidə olunan yoluxucu xəstəliklərə və onların törədicilərinə qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanılır. Tədbirlər planına uyğun olaraq Qax rayonunda bu istiqamətdə aparılan tədbirlər nəticəsində heyvanlarda müşahidə olunan bəzi xəstəliklərin qarşısı vaxtında alınıb.

Qaxın aqrar sektorunda maldarlıq üstünlük təşkil etdiyindən, rayonda fəaliyyət göstərən ümumilikdə 39 baytar həkimin çalışdığı  12 baytarlıq məntəqəsi tərəfindən bu sahə daim diqqətdə saxlanılır. Mal-qara arasında dabaq xəstəliyi ilə yanaşı, həm də qarayara və bruselyoz xəstəliklərinə qarşı qabaqlayıcı tədbirlər görülüb. Qax rayonunda 25 000 baş iribuynuzlu, 68 000 baş xırdabuynuzlu,100 000 ev quşları, 2450 baş donuz və 4000 baş itlər qeydiyyatdadır. Bu heyvanlar ildə bir dəfə qara yara xəstəliyinə, ildə iki dəfə isə dabaq xəstəliyinə qarşı peyvənd olunur. Rayonda heyvandarlığın ən məhsuldar növlərindən biri də qoyunçuluq təsərrüfatıdır. Əlverişli təbii-coğrafi şəraitə malik olan rayonda əhalinin müəyyən bir hissəsi bu təsərrüfatla məşğul olur. Rayonda qoyunçuluq təsərrüfatı ilə ən çox Şəkinin Cumakənd, Daşüz, Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərində məşğul olurlar. Şəki şəhər Kənd təsərrüfatı idarəsindən bildirilib ki,  təsərrüfatlarda ən çox süni mayalanmaya önəm verilir. Heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmasına nəzarət edilir. Baytarlar tərəfindən köç zamanı heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı  müalicə və profilaktiki, epizootik tədbirlərin aparılmasına xüsusi diqqət yetirilir.

Hazırda rayonda 71 min baş mal bəsələnilir ki, bunun da  11 min baş, yəni 15,5 %-ni camış təşkil edir.  Heyvanların süni mayalandırılması üzrə işlər də diqqət mərkəzindədir. Rayonda bu il qoyunların sayı isə 300 min başa çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Əhalinin ətə olan tələbatının 20-25 faizi qoyunçuluq təsərrüfatı hesabına ödənilir.

Aidə Ramizqızı