• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 17.12.2016 16:53

Goranboyun Şıxlar kəndinin nəqliyyat problemi öz həllini nə vaxt tapacaq?

KepezTV Player

Goranboyun Şıxlar kənd sakinlərinin rayon mərkəzi və Gəncə şəhəri ilə əlaqəsində çətinlik var. Səbəb kəndə işləyən avtobusun son vaxtlar gözə dəyməməsidir. Bir neçə aidiyyəti ünvana edilən müraciətin nəticəsiz qalmasından bezən kəndlilərin televiziyamıza müraciəti problemin qısa zamanda həllini mümkün edib. Necə?

67 ailənin yaşadığı Goranboyun Şıxlar kəndinin sakinləri gündəlik iş-gücləri üçün rayon mərkəzindən çox Gəncə şəhərinə üz tuturlar. Ancaq 6 aya yaxındır kəndlilərin nəqliyyat sarıdan yaranan problemi ölkənin ikinci böyük şəhəri ilə əlaqəsini demək olar ki, kəsib. Gəncədən gələn avtobus Şıxlaradək yox, qonşu Əhmədabada kimi gəlir. 

İsrafil Hüseynov – sakin: “Qadın demirlər, uşaq demirlər hamısını Əhmədabadda düşürüb qayıdırlar. Qalırıq biz zülmə, qabağına çıxmalısan, gətirməlisən. Birinin imkanı var, çıxa bilir. Birinin isə yoxdur. Problemimiz budur. Avtobus gəlib kənddən qayıtsın. Sonuncu kənd budur”.

Qərib Abbasov- sakin: “Əhmədabadla Şıxların arasında 2 kilometr məsafə var. Maddi maraq nədir, bilmirik. Bizim tələbimiz odur ki, avtobusun üstünə Əhmədabadla yanaşı, Şıxlar da yazılsın və avtobuslar Şıxlara kimi hərəkət etsin”.

Mübariz Kazımov- sakin: “Biz deyirik elm inkişaf etsin. Ancaq bugünki gün bizim uşaqlarımız Dəliməmmədliyə hazırlığa gedirlər. Marşrut yoxdur deyə, gedib gələ bilmirlər. Əziyyət çəkirlər. Bizim də istəyimiz odur ki, uşaqlarımız əziyyət çəkməsin”.

Problemin həlli ilə bağlı yerli instansiyalara dəfələrlə edilən müraciətlər müsbət nəticə verməyib. Belə olan halda vətəndaşlar aylardır əlavə xərc çəkərək taksi xidmətindən yararlanırlar. 

Etibar Fərzəliyev- sakin: “Bir neçə kənd icra nümayəndəliyinə, yerli bələdiyyəyə dəfələrlə müraciət etmişik. Düzələcək deyirlər, amma heç kim də gəlib bu işlə maraqlanmır. Sizdən xahiş edirik, bizə köməklik edəsiniz”.

Gəncə Avtovağzalından isə deyirlər ki, gündəlik olaraq Şıxlar kəndinə, eləcə də əks istiqamətə 3 avtobus xəttə buraxılır. Ancaq avtobusların son dayanacağa qədər hərəkətinə cavabdeh nəqliyyat vasitəsinin məxsus olduğu şirkətdir. 

Eldar Əsgərov- peron nəzarətçisi: “Biz o marşrutların avtovağzala daxil olma və çıxma vaxtına nəzarət edə bilirik. Həmin məsələ avtobusların məxsus olduğu şirkətlərə aiddir”.

Məsələdən hali olaraq avtovağzala gələn şirkət rəsmisi Sakit Əliyev avtobusların Şıxlara getməməsində sakinləri günahkar çıxarıb. 

Sakit Əliyev- Dəlimmədli Nəqliyyat LTD-nin direktoru: “Məsələ burasındadır ki, orada taksi fəaliyyəti ilə məşğul olanlar imkan vermir ki, avtobuslar işləsin. Kənd də balaca kənddir. Günü sabahdan biz onu yenə bərpa edəcəyik. Amma biz oranın bələdiyyəsi və icra nümayəndəsi ilə söhbət etdik ki, taksilər imkan versin bu avtobusumuz işləsin”. 

Elə bu minvalla şirkət rəsmisi ilə birlikdə yenidən kəndə yollandıq. Sakit Əliyev bir daha əhalini əmin etdi ki, sabahdan Gəncədən hərəkət edən avtobusun son dayanacağı Şıxlar kəndi olacaq. 

Natiq Hüseyn