• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 16.12.2016 15:52

Yağan güclü qar Gəncədən qərb bölgəsinə hərəkət edən avtobusların sayını azaldıb

KepezTV Player

Yolların buz bağlaması Gədəbəy və Daşkəsənə sərnişin daşıyan nəqliyyat vastələrinin sürcülərinin işini çətinləşdirib. 

Qərb bölgəsinin ucqar dağ rayonu olan Gədəbəyə yağan güclü qar sərnişin daşıyan nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, mərkəzdə qarın hündürlüyü 50 sm, dağ kəndlərində isə 60-70 santimetrdir.

İlqar Əsgərov- sürücü: “Çətinlik çəkirik, 50 sm qar yağıb. Yenə də gedirik. Allah hamıya kömək olsun!”

Tahir Sarıyev- sürücü: “Gədəbəyin Alnağılar kəndindən gəlirəm. Çox dəhşətdir. Yollar buzdur, gəlmək mümkün deyil. Saat 08:30-da çıxmalıydım, saat 12-də kənddən çıxmışam. Mümkün deyil, yol bir azca hündür olduqda maşın elə oradaca qalır”.

Gecikməylə də olsa sərnişinlər mənzil başına çatdırılır. Gədəbəyə gedən yol nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli olsa da, qabaqlayıcı və ehtiyat tədbirləri ilə mikroavtobuslar yola çıxır. Hava şəraitinin yaratdığı fəsadlar avtovağzalın gündəlik iş qrafikinə də təsirsiz ötüşməyib. 

Bəhlul Ələkbərov- dispetçer: “Daşkəsənə, Gədəbəyə dağlıq ərazilərə əvvəllər gündə 10-15 maşın çıxırdısa, indi azalma var. 5-6 maşın fərq edir. Buna baxmayaraq çalışırıq ki, sərnişinlər mənzil başına çatdırılsın”. Sərnişinlər isə məcburiyyətdən yola çıxdıqlarını deyir. Çətinliklə də olsa mənzil başına getdiklərini təsdiqləyirlər. 

Azər Rzayev- sərnişin: “Daşkəsən rayonunun Kəmərqaya kəndində yaşayıram. Şəmkirdən gəlirəm, rayona gedirəm. Yaxınlaşdım bilet aldım, 10 dəqiqəyə avtobus çıxır”.

Abbas Yusibov- sərnişin: “Apara bilirlər. Sağ olsunlar, çətinliklə də olsa öhdəsindən gəlirlər”.

Yol təsərrüfatı işçilərinin də mütəmadi gördüyü tədbirlər hələ ki, istənilən nəticə vermir. Qarlı və buzlu yollarla hərəkət etmək məcburiyyətində qalan sürücülərə nəqliyyat vasitələrini tam saz vəziyyətdə yola çıxarmağı tövsiyyə edirlər. Hazırda Gədəbəy və Daşkəsən rayonları istisna olmaqla, Gəncədən qərb bölgəsinin digər rayonlarına mikroavtobuslar gündəlik qrafik üzrə hərəkət edir. 

Elnur Vahidoğlu