• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 16.12.2016 15:30

Gəncədə narkomaniyanın qarşısının maarifləndirmə yolu ilə alınması hədəfdir

KepezTV Player

Ölkədə narkotik maddə istifadəçilərinin sayı artıb. Gənclər arasında daha çox yayılan bu bəlanın səbəbini narkoişbazların daha çox gəlir əldə etmək hərisliyi və savadsızlıqla əlaqələndirirlər.

Bu günə ölkədə narkoman kimi qeydiyyatda olanların sayı 28 mindən artıqdır. 2010-cu ildə isə bu rəqəm 25 min nəfər olub. Hər il hüquq mühafizə orqanları tərəfindən müsadirə olunan narkotik maddələrin çəkisi də artır. Belə ki, təkcə Gəncə şəhəri üzrə 2015-ci ildə müxtəlif növdə olan 32 kq-dan artıq narkotik maddələr dövriyyədə çıxarılıb. 2016-ci ilin hesabat dövründə isə bu rəqəm 44 kq-dan artıq olub.

Ədalət Sadıqov- Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi: “Təkcə bugünkü günə respublikada 28.555 şəxs narkoman diaqnozu ilə qeydiyyatdadır. Onların 70%-dən çoxu 18-35 yaş arası şəxslərdir. Ancaq bu, reallığı əks etdirmir. Hələ çox narkoman var ki, onlar qeydiyyatda durmurlar və çəkinirlər, yayınırlar yaxud hüquq-mühafizə orqanları vasitəsilə aşkarlanıb məsuliyyətə cəlb olunmurlar. Onların da sayını nəzərə alsaq, bu rəqəmin daha çox olmasını qeyd etmək olar”.

Narkomanların sayının artım səbəbi isə...

Ədalət Sadıqov- Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi: “...Narkoişbazların öz ətraflarına daha çox bu şəxsləri cəlb etmə və daha çox narkotik vasitə aludəçisi axtarmasıdır ki, bunların bazarı nə qədər geniş olarsa onlar daha çox gəlir əldə edərlər. Digər səbəb isə yeniyetmə və gənclərin savadsızlığı, bu sahədə kifayət qədər maariflənmənin olmamasıdır. Onların tez təsir altına düşməsidir”.

Narkomanların böyük əksəriyyətinin gənclərdən ibarət olmasını nəzərə alaraq, xüsusən orta ümumtəhsil və ali təhsil müəssisələrində gənclər və yeniyetmələrlə görüşlər təşkil olunur. Maariflənmə yolu ilə bu bəlanın qarışısını almaq hədəflər sırasındadır.

Əliağa Səfərəliyev- 4 nömrəli tam orta məktəbin direktoru: “Biz məktəb və pedoqoji kollektiv olaraq məsuliyyəti boynumuzdan atmırıq. Burada məktəblə valideyn birləşməlidir. Desəm ki, valideyn daha çox diqqətli, daha çox məsuliyyətli olmalıdır. Əgər məktəb maarifləndirmə işi aparırsa, valideyn məsuliyyətini ikiqat artırmalıdır. Buna çalışmalıyıq. Təəssüf ki, buna cəhd belə göstərməyən valideynlərimız hələ sayılı şəkildə çoxdur. Bir gün çörəksiz qalmaq olar, ancaq artan sayın qarşısını almaq üçün bütün qüvvələri səfərbər etməliyik”.

Təşkil olunan görüşlərdə yeniyetmə və gənclərin fəallığı onların bu sahə üzrə daha çox məlumat almaq və diqqətli olmaq üçün çalışdığını göstərir. Hər bir bəladan sığorta olunmağın yeganə yolu elmdir. Tez təsir altına düşən övladımız olmasın deyə valideyn olaraq məsuliyyətimizi artırmalıyıq.

Ruhəngiz Hacızadə