Bu günə xəbərlərin oxunma sayı: 867
— 15.12.2016 17:29

Gəncədə qərb bölgəsindən olan fermerlər üçün təlim keçirilib

KepezTV Player

İstehsal olunan kənd təsərrüfatı məhsullarının Avropaya, beynəlxalq bazarlara çıxışını təmin etmək bu gün istehsalçılar üçün vacib olan amildir. Bu məqsədlə, tələb olunan standartlara uyğun məhsul yetişdirmək, onun texnologiyasını öyrənmək fermerlər üçün qarşıda duran əsas vəzifədir. Gəncədə qərb bölgəsindən olan fermerlərin iştirakı ilə baş tutan təlim məhz beynəlxalq standartların yerli şəraitə tətbiqinə hesablanıb. 

Arif Abbasov - fermer: “Yeni, yüksək məhsuldar sortların əkilməsi, onların becərilməsi, xəstəliklərə davamlı sortların əkilməsi və becərilməsini həyata keçirmişik. Amma belə baxırıq ki, bazarda rəqabətə dözmək üçün daha yeniliklər tətbiq etməliyik”.

Şəmkir rayonunun Mahmudlu kəndindən olan fermer Arif Abbasov meyvə və tərəvəz əkini ilə məşğul olur. 100 ha torpaq sahəsi olan kəndli bunun 80 ha-da əkin aparır. Əldə etdiyi məhsulu isə əsasən, bölgə və yerli bazara çıxarır. Lakin özünün də dediyi kimi bazarda rəqabətə dözmək üçün standartlara cavab verən məhsul istehsal etmək üçün dünya təcrübəsindən yararlanmaq mütləqdir. Bunun yollarını öyrənmək üçün Gəncə-Qazax iqtisadi rayonundan olan 15 fermerlə birgə təlimlərə qatılıb. Gürcüstandan dəvət olunan Beynəlxalq ekspertlərin iştirakı ilə dünyada kənd təsərrüfatının inkişafı məqsədi daşıyan standartın izahı təlimin məğzini təşkil edir. 

Maya Tevzadze - təlimçi: “Kənd təsərrüfatının inkişafı üçün lazım olan “Qlobal GAP” standartından bütün dünyada istifadə edilir. Təlimimizin də məqsədi Beynəlxalq Qlobal GAP standartını fermerlərə izah etməkdir. Bizim Gürcüstanda nəinki böyük fermerlər, hətta kiçik fermerlər də bu standartdan  istifadə edirlər. Yerli bazarla yanaşı, xarici bazara da yüksək məhsulla asan çıxış əldə edə bilirlər”.
Əkilən torpağın, verilən suyun  tərkibinin yoxlanılması, istehsal zamanı istifadə olunan gübrələrin sertifkatlara uyğun olması, məhsulun qablaşdırılması və sertifikat alınması zamanı standartlara uyğunluğu fermerlərə izah olunub. Bu tələblərə cavab verəcək şəkildə istehsal həyata keçirənlər xarici bazara çıxış barədə düşünə bilər.
Yalçın Nəsibov - Gəncə Aqrobiznes Assosiasiyasının departament rəhbəri: “Tədbirin keçirilməsi hazırda Azərbaycanda gedən proqramlarla üst-üstə düşür. Bildiyimiz kimi, Azərbaycanda qeyri-neft sektoruna böyük diqqət ayrılır. Kənd təsərrüfatının inkişafı yeni mərhələyə qədəm alıb. Ona görə də belə tədbirlərin keçirilməsi vacib hesab olunur”.

Təlimdə iştirak edən fermerlərə sertifikatlar verilib.
Elnur Vahidoğlu