Bu günə xəbərlərin oxunma sayı: 1192
— 15.12.2016 10:51

Azərbaycanda neft gəlirləri “qızıl qayda” əsasında köçürüləcək

KepezTV Player

Azərbaycanda neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın tətbiqi nəzərdə tutulub. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə strateji hədəf kimi əksini tapıb. Bu Neft Fondunun transfertində sabitliyi təmin etmək məqsədi daşıyır.Azərbaycan iqtisadiyyatının təbii ehtiyatlardan və xüsusən də neftdən asılılığının həm qısa, həm də uzunmüddətli perspektivdə azaldılması zəruridir. Belə ki, 2013-cü ildə Neft fondunun transfertinin dövlət xərclərində payı 59 faizə çatıb və bu vəziyyət makroiqtisadi sabitlik üçün ciddi təhdid yaradır. Başqa sözlə, bu gün dövlət sektorunda xərclənən hər ikinci manat, məhz Neft Fondundan edilən transfertlərin hesabına maliyyələşdirilir. Bu rəqəm 2025-ci ilə qədər 15 faizə endirilməlidir. Fondun transfert edə biləcəyi məbləğ onun gəlirləri ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilib. Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir. İqtisadiyyatda özəl investisiyaların payını artırmaq üçün sabit artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin Neft Fondunun transfertlərindən daha az asılı olmasını tələb edir. Ona görə neft gəlirlərinin idarə olunması üzrə yeni mexanizmin işlənməsi zərurətə çevrilib. Hazırda Neft fondunun Maliyyə Nazirliyinə köçürdüyü vəsaitlərin məbləği neftin qiymətindən asılı olaraq dəyişir. Fond ilə Maliyyə Nazirliyi arasında “qızıl qayda” adlanan daha ciddi köçürmə mexanizmi isə həmin vəsaitin məbləğini sabitləşdirəcək, ÜDM-in sabit artımını təmin edəcək.  

Sabit Bağırov- iqtisadçı: "Son illərin təcrübəsi belə idi ki, heç bir məhdudiyyət yox idi. Düzdür, 2000-ci ilin əvvəlində gəlirlərin idarə edilməsinə dair strateji bir yanaşma var idi. Qazanılan məbləğlərin 25%-dən söhbət gedir, ondan artıq mütləq toplanmağa yönəlməlidir. Amma təcrübədə belə idi ki, büdcəyə nə qədər vəsait lazım idisə, o qədər neft fondundan transfertlər edilirdi. Bu asılığı azaltmaq büdcəyə, neft fonduna ötürülən bu vəsaitlərə məhdudiyyət qoyulmalıdır. O məhdudiyyət hansı səviyyədə olacaq o şərti olaraq qızıl qayda adlanan alqoritmlə bir metodologiya ilə hesablanacaq".

Ancaq ekspert bu həddin optimal səviyyədə olmasını tələb edir.

Sabit Bağırov- iqtisadçı: "Onun hesablanması ciddi metodologiyanın hazırlanmasını tələb edir. Hələ ki, elə bir şey yoxdur. Gözləmirəm ki, 2020-ci ilə qədər qızıl qaydanı tətbiq etmək mümkün olsun. Çünki, ölkə iqtisadiyyatının neft fondunun transfertlərdən asılılığı yüksək səviyyədədir. Onu hansısa bir məhdud rəqəmə endirmək çətindir. Prinsipcə məqsəd hədəf düzgündür. Strateji yol xəritəsi üzrə biz addımlamalıyıq". 

Təbii ehtiyatlardan asılı olan ölkələrin çoxunda müstəqil ehtiyat fondu yaratmaq və neft sektorundan asılılığı azaltmaq üçün müxtəlif prinsiplər tətbiq edilir. Məsələn, Norveçin neft fondundan dövlət büdcəsinə ildə maksimum 4 faiz həcmində transfert etməyə icazə verilir.

Azərbaycan üzrə isə “qızıl qayda” mexanizmi müxtəlif hesablama məntiqinə əsaslanır. Mümkün olan 4 variant nəzərdən keçirilir. Bunlar sabit köçürmə məbləği, sabit neft qiymətinə əsasən hesablanan köçürmələr, investisiyalardan əldə ediləcək sabit gəlirlər, investisiyaların maliyyələşdirilməsidir.

Jalə Qurbanova