Bu günə xəbərlərin oxunma sayı: 1273
— 14.12.2016 10:08

Məşhur əsərlərin ilkin adları

KepezTV Player

Qabriel Qarsiya Markes “ Yüz ilin tənhalığı”

Qabriel Qarsiya Markes  dünya şöhrətli əsərinin adını ilk vaxtlar tamamilə başqa cür - “Ev” adlandırmaq istəyib. Onu bu fikirdən yaxın dostu Alvaro Samudio daşındırıb. Beləliklə yazıçının hamımıza məlum olan romanı ərsəyə gəlib.

Frensis Skott Fitscerald “Möhtəşəm Getsbi”

Kitabın ad seçimində yazıçı müxtəlif fikirlərə düşüb. Bunlar arasında- “Getsbi  - qızıl şlyapa”, “İnadkar  aşiq” və başqa adlar da var idi. Kitabın nəşrinə bir həftədən də az qalmış yazıçı adı tamamilə dəyişmək istəyib.. Qədim Roma romanı “Satirikon”dakı azad olunmuş və varlanmış qul obrazının şərəfinə Fitscerald öz əsərini də “Trimalxion ziyafəti” adlandırmaq istəyib. Lap sonda yazıçı Amerika bayrağının rənglərinə uyğun olaraq əsərə “Qırmızı, göy və ağın altında”  adını verməyi düşünüb. Amma biz görürük ki, bu da son qərar deyilmiş.

Corc Oruel “1984”

Bütün zamanların ən məşhur anti-utopiya əsəri hesab olunan “1984”-ün ilkin adının “Avropada son insan” olduğunu bilirdiniz? Corc Oruel əsəri 1947-49-cu illər ərzində yazıb, amma yazıçı əsərə qoyduğu adın heç də yaxşı seçim olmadığını düşünüb. Kitabının daha yaxşı yayılması üçün ona 4 rəqəmdən ibarət bir ad seçməyin daha uyğun olduğunu hesab edib.

Brem Stoker "Dracula"

Dünyaca məşhur romanın ilkin adı çox sadə olub. Çap olunmazdan bir neçə həftə əvvəl isə yazıçı “Ölü olmayan” adı verdiyi əsəri hamımızın da yaxşı bildiyi “Drakula” adı ilə dəyişib.

Luis Kerrol  “Alisa möcüzələr ölkəsində”

Luis Kerrolun dostunun qızı Alisadan təsirlənərək yazdığı bu romanın adı heç də bildiyimiz kimi olmayıb. Kerrolun əlyazmalarında əsər “Alisanın yerin altında macəraları” kimi qeyd olunub. Amma bu fakt yalnız kitab nəşr olunduqdan illər sonra məlum olub.

Vladimir Nabokov “Lolita”

Nabokovu bütün dünyaya tanıdan əsərin adının ilkin variantı tamamilə fərqli olub. O, yaxın dostuna yazdığı məktubda “Dəniz krallığı” adlı əsərin üstündə çalışdığını qeyd edib. Bu ad Edqar Allan Ponun  “Annabel Li” poemasından götürülübmüş.

Ceyn Ostin “Qürur və Qərəz”

Kitab sevənlərin bəyənərək oxuduğu romanlardan biri də “Qürur və Qərəz”dir. Ceyn Ostin əsərə əvvəlcə “İlkin təəssüratlar” adı versə də daha sonra bu fikrindən daşınıb. Buna səbəb isə hətta naşirin belə əsəri adına görə oxumaq istəməməsi olub.

Lev Tolstoy “Hərb və sülh”

Sıradakı əsər Lev Tolstoyun dünyaca məşhur “Hərb və sülh” romanıdır. Bədii yaradıcılıq nüməsinin adı ictimaiyyət qarşısına çıxmazdan əvvəl müxtəlif versiyalarda olub. Kitabdan parşalar “Yaxşı ki, hər şey yaxşı bitir”, “1805”, “Üç dövr” adları ilə çap olunub. Amma 6 ildən sonra kitab bütöv halda çap olunanda artıq indi hamıya məlum olan “Hərb və sülh” adını alıb.

Marqaret Mitçell “Küləklə sovrulanlar”

Marqaret Mitçelin romanı naşirlərin əlinə keçən zaman “Sabah yeni bir gün olacaq” adı altında idi. Hətta əlyazmada romanın baş qəhrəmanının adı Skarlett yox, Pensi imiş. Bir il davam edən redaktədən sonra isə romanın adı da dəyişərək hazırda hamının bildiyi kimi olub.

Ernest Heminquey “Mütəhərrik bayram”

“Mütəhərrik bayram” və ya “Daim səninlə olan bayram”. Heminqueyin xatirələrində bu romanın müxtəlif adları var. “Bəzi insanlar və yerlər”, “Heç kimin bilmədikləri”, “Doğrunu yazmaq” kimi adlar da bu sıraya daxil idi. Yekun qərar olaraq Heminquey onun adını dostunun məsləhəti ilə seçib.

Somerset Moem “İnsan ehtiraslarının yükü”

“Küldən yaranmış gözəllik” - yazıçı əsərini məhz belə adlandırmq istəyib. Daha sonra isə başqa bir romanda bu ifadədən istifadə oldunduğundan xəbər tutub. Yeni ad seçərkən məşhur filosof Spinozanın fəlsəfi düşüncələrində işlənən ifadədən istifadə edib.

Rey Bredberi “Farenqeyt üzrə  451 dərəcə”

Məşhur elmi-fantastik, anti-utopiya romanının adı ilkin variantda çox sadə olub - “Yanğınsöndürən”. Romanın naşiri isə Bredberidən əsəri uzatmağı və yeni bir ad düşünməyi istəyib. Yazıçı fikirlərə dalanda isə naşir Los Ancelesdə bir yanğınsöndürənə zəng edərək , kağızın neçə dərəcədə yandığını soruşub. Beləliklə də romanın adı yaranmış olub.

Almaz İbrahimova