Bu günə xəbərlərin oxunma sayı: 1313
— 12.12.2016 10:15

Heydər Əliyevin neft sənayesinin inkişafına töhfəsi

Azərbaycanda neft hasilatı 150 illik tarixə malik olsa da, xalqımız yalnız XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra bu sərvətdən bəhrələnmək imkanı əldə etdi. Bu imkanı isə ulu öndər Heydər Əliyev reallığa çevirdi. Hələ Sovetlər Birliyi dövründə Azərbaycana rəhbər seçildiyi ilk günlərdən başlayaraq neft sənayesinin inkişafına xüsusi diqqət göstərən uzaqgörən lider respublikamızda nəhəng neft infrastrukturu formalaşdırmaqla gələcək neft strategiyasının əsasını qoydu. Buna görədir ki, XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin sürətli inkişaf dövrü kimi tarixə düşüb.

Bu gün qətiyyətlə demək olar ki, həmin illərdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də ümummilli liderimizin gördüyü işlər onun gələcəyə hesablanmış planlarının – Azərbaycanı müstəqil dövlətə, iqtisadiyyatımızı qlobal layihələrə və xalqımızı rifaha doğru aparmaq niyyətinin əsasını təşkil edirdi.
Məhz həmin dövrdə böyük uzaqgörənliklə yaradılan neft infrastrukturu, kəşf edilən yataqlar 20-25 il sonra müstəqil Azərbaycanın gələcəyi üçün əvəzsiz əhəmiyyəti olan neft müqavilələrinin imzalanmasında baza rolunu oynadı.

Müasir Azərbaycanın iqtisadi inkişafında, onun dünya müstəvisində öz sözünü deyə biləcək bir güc əldə etməsində mühüm rola malik “Əsrin müqaviləsi”ni reallaşdırmaq bu baxımdan çox böyük cəsarət, təcrübə və qətiyyət tələb edirdi. O dövrdə bütün təzyiqlərə baxmayaraq, reallaşdırılan bu böyük layihənin gələcəyini ulu öndər Heydər Əliyev hamıdan yaxşı görür, bu istiqamətdə mühüm tədbirlər həyata keçirirdi. 1994-cü ilin 20 sentyabrında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan sazişin imzalanması və onun gerçəkləşməsi Azərbaycanı davamlı inkişaf yoluna çıxardı. Ümummilli liderimizin gərgin əməyi sayəsində Azərbaycanın Xəzər sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının birgə istifadəsini nəzərdə tutan bu kontrakt dünyada məşhur olan bir çox neft şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 30 il müddətinə imzalanıb.

“Əsrin müqaviləsi” düzgün siyasətin, gərgin əməyin bəhrəsi idi. Bununla da, yeni neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə start verilmişdir. Dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğrultmuş, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynamışdır. 

“Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyulmuşdur. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün də imkan yaratmış, Xəzərdə maraqları təmin olunan bir çox aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnin əsasını qoymuşdur.

“Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. “Əsrin müqaviləsi” imzalandıqdan cəmi üç il sonra ilk neft hasil olunmuş, beş il sonra isə mənfəət nefti ixrac olunmağa başlanmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, həm də ən mühümü çıxarılan nefti xarici bazarlara çatdırmaq üçün neft kəmərlərinin inşası idi. Məlum olduğu kimi, müqavilə imzalanarkən bu məsələ ətrafında gedən müzakirələr zamanı xam neftin ixracı üçün ilkin olaraq Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri marşrutları seçilmişdi. Buna baxmayaraq, gələcəkdə neft hasilatının artması ilə əlaqədar əsas ixrac boru kəmərinə ehtiyac duyulurdu. Ümummilli liderimiz Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan boru kəməri ideyasını irəli sürmüşdür. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, dahi şəxsiyyət Heydər Əliyevin səyi nəticəsində bu layihə həyata vəsiqə almışdır.
Beləliklə də, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixrac marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi mümkün oldu.

Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması xalqımızın böyük oğlu Heydər Əliyevin neft strategiyasının ikinci böyük təntənəsi idi. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin məhək daşına çevrilməklə azad iqtisadi mexanizmlərin tətbiqini, dünya iqtisadiyyatına dinamik inteqrasiyanı təmin edərək ölkəmizin inkişafında müstəsna əhəmiyyətə malik olmuşdur. Neftdən gələn gəlirlər sayəsində maliyyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilmiş, yüz minlərlə yeni iş yerləri açılmışdır. Ölkəmizin ilbəil artan büdcə gəlirləri sosial sahələrin inkişafına imkan vermişdir. Təhsilə və səhiyyəyə, eləcə də cəmiyyət həyatının digər sahələrinə yönəldilən vəsaitlər neft gəlirlərindən səmərəli istifadənin göstəriciləridir. Artıq ölkəmiz region dövlətləri arasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən qüdrətli dövlətə çevrilmişdir. 

Müstəqil Azərbaycanın yüksəliş prosesinin tərkib hissəsi olan neft strategiyası xalqımızın yaşayış səviyyəsinin yüksəlməsinə hesablanmışdır.

Təbii ki, Əsrin müqaviləsi” imzalanmasaydı, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməzdi və bu gün “Şahdəniz” yatağından qaz hasilatına nail olmaq mümkün deyildi. Böyük maraq doğuran TANAP, TAP, “Cənub” qaz dəhlizi ilə bağlı müzakirələr aparılmazdı. İndi Azərbaycanın enerji inkişafına istənilən nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. Bu təbii sərvətlərdən əldə olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca amildir.

Bu gün ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, bu inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdə bilməsi, iri layihələrin reallaşdırılması, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə artması ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində mümkün olmuşdur.
Təbii ki, əldə olunan bu sosial-iqtisadi yüksəliş düzgün idarəetmənin nəticəsi olmaqla yanaşı, həm də “Əsrin müqaviləsi”ndən başlanan inkişaf yolunun bəhrələridir.

Fərid Mehdizadə