Bu günə xəbərlərin oxunma sayı: 1164
— 12.12.2016 10:17

Heydər Əliyev və Gəncə

KepezTV Player

Azərbaycan Respublikası dünya birliyinin layiqli subyekti olmaq üçün hərtərəfli maddi, mənəvi, iqtisadi və siyasi bazaya malikdir. Bu bazanın əsasını təşkil edən potensial isə məhz XX əsrin 70-80-ci illərində ümummili lider Heydər Əliyev tərəfindən qoyulub desək, yanılmış olmarıq. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə də iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin sosial-rifah halının  yaxşılaşdırılması hər zaman Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz onun Azərbaycana rəhbərlik etdiyi illərdə Gəncədə xeyli sayda müəssisələr yaradılaraq əhalinin xidmətinə verilib, şəhərdə qüdrətli sosial-iqtisadi baza yaradılıb.

 

 

"Biz hamımız - harda yaşamasından asılı

olmayaraq, hər bir azərbaycanlı -

Gəncə ilə, onun qədim

və zəngin tarixi ilə fəxr edirik".

Heydər Əliyev

 

Bəli, Heydər Əliyev Gəncənin Azərbaycan tarixindəki yerini və mövqeini yaxşı bilirdi. Bu səbəbdən də Respublikanın ikinci böyük sənaye şəhəri daim diqqətdə saxlanılırdı. Məqsəd Gəncənin iqtisadi potensialının gücləndirilməsi, gələcəyə yönəlik layihələrin icrası idi... XX-ci əsrin 70-80-ci illərində Gəncədəki bir sıra zavod və fabriklərin fəaliyyəti genişləndirilməklə bərabər, yeni sənaye müəssisələrinin açılışı olmuş, şəhərin həyatında bu gün də əhəmiyyətli rol oynayan təhsil, səhiyyə və bir sıra mədəniyyət ocaqları sakinlərin istifadəsinə verilmişdi.

Heydər Əliyevin Gəncəyə işgüzar səfərlərini iki mərhələyə ayırmaq olar: Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu 1969-1982-ci və Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illər.

Birinci mərhələdə Heydər Əliyevin Gəncəyə 4 səfəri reallaşıb...

1970-ci il: Heydər Əliyev Gəncəyə ilk işgüzar səfərini edir. Məqsəd strateji baxımdan əhəmiyyətli mövqeyə sahib olan şəhərin sənaye və tikinti potensialının gücləndirilməsi olur. Bu səfərin nəticələri isə növbəti illərdə daha aydın görünməyə başlayır.

1977-ci il: Gəncədə artıq sənaye yönümlü bir sıra layihələr reallaşdırılır, iri sənaye obyektləri istifadəyə verilir... Həmin il, Heydər Əliyev Xalça mahud-kombinatının ikinci növbəsinin açılışını edir, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutuna "Qırmızı Əmək bayrağı" ordenini təqdim edir.

1980-ci il: 80-ci ildə Heydər Əliyev Gəncəyə iki səfər reallaşdırıb.

İyul ayında baş tutan səfər  - onun Nizami yurduna 3-cü işgüzar səfəri hesab edilir. Həmin il şəhərdə irihəcmli sərnişin təyyarələrini qəbul etmək imkanı yaradan Gəncə Hava Limanın genişləndirilməsi məsələsi öz həllini tapır. Yeni uçuş xəttləri açılır və Gəncənin SSRİ-nin şəhərləri ilə əlaqə şəbəkəsi daha da genişləndirilir.

Növbəti səfər dekabr ayında reallaşır. Həmişə olduğu kimi, bu dəfə də Heydər Əliyev şəhərin sənaye müəssisələrinə baş çəkir, kollektivlərlə görüşür. Özünün təşəbbüsü ilə inşa edilərək istifadəyə verilən "Büllür" zavodunda olur, Ququ Qobu ərazisində salınmaqda olan "Xatirə" parkına gəlir...

Həmin vaxtdan 36 il keçib. İndi bu park elə umummilli liderin adını daşıyır. Burada iki çinar ağacı diqqət çəkir.  O çinarlar ki, Heydər Əliyevin Gəncəyə 4-cü səfərinin yadigarlarıdır...

Bu səfər zamanı ulu öndər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, yəni indiki ADAU-da da olur və ali təhsil müəssisəsinə “Şərəf nişanı” ordenini  təqdim edir. Bu, Heydər Əliyevin Gəncəyə Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq etdiyi son səfər olur.

Yaşanan tarixi hadisələr Heydər Əliyevi Gəncəyə bir də 13 ildən sonra gətirir.

1993-cü il 10 iyun: Həmin vaxt Heydər Əliyev Respublikanın siyasi rəhbərliyində təmsil olunmurdu. Ölkədə vəziyyət gərginləşmiş, Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya idi. Bu vaxt Heydər Əliyev Gəncəyə müdrik el ağsaqqalı kimi səfər edir. Bu səfər bir növ qurtuluş missiyası daşımaqla, ölkədə yaranmış anlaşılmazlığın həlli olur. Vətəndaş müharibəsinin qarşısı alınır.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da ilk işgüzar səfərini Gəncəyə edir.

1993-cü il, 13 dekabr: Həmin gün ulu öndər şəhər sakinləri və fəallarla görüşür. Həmin görüşdə müstəqil Azərbaycan dövlətinin inkişafı, şəhər iqtisadiyyatının dirçəldilməsi, bazar iqtisadiyyatına keçid, ölkə daxilində sabitliyin qorunması yolunda təxirəsalınmaz tədbirlər müzakirə edilir.

1998-ci il, 7 oktyabr: Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti və 1998-ci il prezident seçkilərində namizəd kimi Gəncə seçiciləri ilə görüşmək məqsədilə şəhərə növbəti səfərini edir. Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  Heydər Əliyev Gəncə qarnizonunun əsgər və zabitləri ilə görüşür. Xan Bağında xalq şairi Nigar Rəfibəylinin abidəsinin açılış mərasimində iştirak edir. Şəhərin mərkəzi meydanında Gəncə və ətraf rayonların seçiciləri ilə görüş keçirir.

2000-ci il, 23-24 may: Gəncənin inkişafı, iqtisadi islahatların genişləndirilməsi məqsədi daşıyan növbəti səfər baş tutur.

2002-ci il, 12-13 sentyabr: İki ildən sonra isə Heydər Əliyev Gəncədə Olimpiya İdman Kompleksinin açılışında iştirak edir. Şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi müşavirədə şəhərin sosial- iqtisadi inkişafının vəziyyətini təhlil edir. Şəhərin həyatında yeni inkişafın başlanğıcını qoyan bu səfər Heydər Əliyevin Gəncəyə son səfəri olur.

Heydər Əliyevin hakimiyyəti illərində şəhərdə 70-dən artıq təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri meydana gəlib."Yeni Gəncə" yaşayış massivi, "Alüminiumçular" və "Gülüstan" qəsəbələrinin salınması da məhz həmin dövrə təsadüf edir.  Ulu öndər Gəncədə 9 dəfə olub. Təbii ki, bura onun uşaqlıq illəri daxil deyil. Bəlkə elə Gəncəyə göstərilən diqqət, qayğıya şəhərin tarixi və strateji önəmi ilə yanaşı, Heydər Əliyevin həyatının kiçik bir hissəsinin Gəncədə keçməsi də təsir edib. Axı uşaqlıq xatirələri unudulmur...

Gülnar Fazilqızı