Bu günə xəbərlərin oxunma sayı: 1272
— 07.12.2016 15:04

Dünyanın ən bahalı rəsm əsərləri

KepezTV Player

Rəsm əsərlərinin estetik dəyəri pulla ölçülə bilməz. Buna baxmayaraq, gözəl sənət əsərlərinə müəyyən bir qiymət təyin olunur. Biz sizə dünyanın ən bahalı rəsm əsərlərinin siyahısını təqdim edirik.

                                              Pol Qogen. “Mənimlə nə vaxt evlənəcəksən?”

Qiyməti - 300 milyon dollar. Satış tarixi - 2015-ci ilin fevral ayı

Rəssamın əsərləri o, vəfat etdikdən qısa müddət keçdikdən sonra məşhurluq qazanıb. Pol Qogenin rəsmlərindən çoxunu bir rus rəssam toplayaraq qoruyub. Onlar arasında Qogenin 1892-ci ildə çəkdiyi “Mənimlə nə vaxt evlənəcəksən?” əsəri də var. Rəssam Afrika və Asiya mədəniyyətinə böyük  rəğbət bəsləyib. Onun bu marağı rəsmlərindən də aydın hiss olunur.

 

                                            Pol Sezan. “Kart oyunçuları”

Qiyməti - 250 milyon dollar. Satış tarixi - 2011-ci ilin aprel ayı

Rəsm əsəri Pol Sezan yaradıcılığının son dövrlərinə təsadüf edir. Bu seriyadan rəssam 1890-1895-ci illər arasında 5 rəsm çəkib. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız 1 əsər şəxsi kolleksiyadadır. Həmin əsər bu seriyanın ən nüfuzlusu sayılır. Rəsmin əvvəlki sahibi yunan milyarder George Embiricos idi. O, həmin əsəri 2011-ci ilin qışında - ölümündən bir az öncə satışa çıxarıb. Qətər Əmirliyi bu əsəri 250 milyon dollara alıb, bu da indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılır.

 

                                          Mark Rotko. “Bənövşəyi, yaşıl və qırmızı”

Qiyməti - 186 milyon dollar. Satış tarixi - 2014-cü il

Mark Rotkonun əsərlərindəki rənglərin mənası sonsuza kimi bir sirr olaraq qalacaq. Buna səbəb isə rəssamın daxili aləmində baş verənlərdir. Mark Rotko həyatına intiharla son qoyub. Rəssam tablolarında daha çox rənglərin uyğunluğuna yer verib. Əsərlərinin adları da əsasən rənglərlə bağlıdır - “Pas və mavi”, “Tünd qırmızı üzərində qara”, “Narıncı, qırmızı, sarı”...

                           

                                          Pablo Pikasso. “Əlcəzairli qadınlar ” (Version 0)

Qiyməti - 179,365 milyon dollar. Satış tarixi - 2015-ci il

Ejen Delakruanın “Əlcəzairli qadınlar” əsərindən təsirlənən Pikasso 1954-cü ildə eyni adlı rəsmi hazırlamağa başlayıb. Kub formasında təsvir olunan rəsmlər toplusunun ən yaxşı növü “0 versiya” hesab olunur. Rəsm əsərini Pikasso yaxın dostu Anri Matissin ölümünə həsr edib.
 

                                    Cekson Pollok. “Nömrə 5”

Qiyməti - 140 milyon dollar. Satış tarixi – 2 noyabr 2006-cı il

Cekson Pollok öz yaradıcılığında mücərrəd ekzistensial əsərlər yaratmağa can atırdı. Rəsmdə müxtəlif cür interpretasiya edilə bilən təkrarolunmaz emosional naxışlar - qəhvəyi və sarı çalarlar əks olunub. Məşhur rəssamın əsəri möhtəşəm olsa da, həyat tarixçəsi bir o qədər faciəvi yekunlaşıb. Cekson çəkdiyi rəsmin necə dəyərli olduğunu bilmədən, 44 yaşında sərxoş halda idarə etdiyi avtomibillə qəzaya düşərək vəfat edib.

                                  Villem de Kuninq. “III qadın”

Qiyməti - 137,5 milyon dollar. Satış tarixi – 2006-cı ilin noyabrı

Niderlandın Roterdam şəhərində dünyaya göz açan rəssam əsərlərində daha çox abstraktlığa yer verib. “III Qadın” de Kuninqin 1951-1953-cü illərdə yaratdığı 6 əsərdən biridir və şəxsi kolleksiyada olan son tablodur. Mütəxəssislər hesab edirlər ki, bu əsər rəssamın muzeydə olan rəsmlərindən ən yaxşısıdır.

                                            Qustav Klimt. “Qızıl Adel”

Qiyməti - 135 milyon dollar. Satış tarixi- 18 iyun 2006-cı il

Qustav Klimtin müəllifi olduğu «I Adel Blox-Bauerin portreti» «Qızıl Adel» və yaxud «Avstraliyalı Mona Liza» adlandırılır. Əsər mükəmməliyi ilə yanaşı, sirli məqamları ilə də seçilir. Bəzi mütəxəssislər rəsmdəki qəhrəmanın Klimtin sevgilisi olduğunu, bəziləri isə Adelin rəssamın fanatı olduğunu hesab edirlər. Buna səbəb isə Adelin şəxsi arxivində Qustav Klimtinin bir çox əsərlərinin saxlanmasıdır. Məşhur tablonun müəllifinin əsərlərindən çoxu İkinci dünya müharibəsi zamanında məhv edilib və yalnız ağ-qara reproduksiyaları qalıb.

                                          Pablo Pikasso. “Çılpaq, yaşıl yarpaqlar və büst”

Qiyməti – 106, 482 milyon dollar. Satış tarixi – 5 may 2010-cu il

Rəsmdə Pikassonun sevdiyi qadınlarından biri - Mari-Terez Valter əks olunub. Mütəxəssislər hesab edirlər ki, «Çılpaq, yaşıl yarpaqlar və büst  rəssamın şah əsəridir. Bu, Pikassonun İkinci dünya müharibəsi dövründə ərsəyə gətirdiyi tablolar sırasındadır.  2010-cu ildə mədəniyyət nümunəsini alan şəxsin kimliyi hələ də sirr olaraq saxlanılır.

                                         Pablo Pikasso “Müştüklü oğlan”

Qiyməti- 104,168 milyon dollar.  Satış tarixi – 4 may 2014-cü il

Bu əsər 24 yaşlı Pablo Pikasso tərəfindən Monmartrda Boto-Lavuar yataqxanasında yaradılıb. Rəsmdə əlində müştük və başında qızıl güllərdən tac olan naməlum bir oğlan əks olunub. Rəsmdəki qəhrəmanın kimliyi tam bilinməsə də, iranlı gənc olduğu söylənilir.

 

                                      Qustav Klimt. “II Adel Blox-Bauerin portreti”

Qiyməti - 87,936 milyon dollar. Satış tarixi – 8 noyabr 2006

Yəhudi əsilli olmasına baxmayaraq, Hitlerin belə, rəğbət bəslədiyi rəssam Klimtin məşhur əsərlərindən biri də “II Adel Blox-Bauerin portreti”dir. Əsərdəki qəhrəman  Adel Bloxun (“Qızıl Adel”dəki xanım) 90 yaşlı qohumu Mariya Altmandır. Rəsm əsərini hərracda amerikalı sahibkar Ronald Lauder əldə edib.

                                      Vinsent Van Qoq. “Həkim Qaşenin portreti”

Qiyməti – 82,5 milyon dollar. Satış tarixi – 15 may 1990-cı il

Vinsent Van Qoq bu intim melanxolik əsəri öz intiharından bir neçə həftə öncə yaradıb. Əsərdə həyatının son illərində rəssamı müalicə edən, ruhi xəstələr üçün klinikanın həkimi Pol Qaşe əks olunub. Əsər 82.5 milyon dollar satılsa da, hazırda dəyəri 129 milyon dollardır.