Bu günə xəbərlərin oxunma sayı: 1193
— 07.12.2016 10:30

Online alış- veriş edənləri hansı yeniliklər gözləyir?

KepezTV Player

Dünyanın bir çox dövlətləri elektron ticarətin tənzimlənməsi üçün ayrıca qanunlar qəbul edirlər. Ölkəmizdə də 2005-ci ildə "Elektron ticarət haqqında" qəbul olunub. Ancaq üstündən 11 il keçən və təbii ki, indiki dövrlə ayaqlaşmayan qanunda dəyişikliklər ediləcək. Yeniliklər tətbiq olunduqdan sonra bütün növ online alış- veriş saytları və dövriyyələri nəzarətdə olacaq. Bəs online alış- veriş edənləri hansı yeniliklər gözləyir?

Bu gün elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Lakin o da faktdır ki, elektron ticarətdə "elektron pulların" tətbiqi bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir. Bundan başqa, belə əməliyyatların transmilli olması vergi nəzarəti üçün əlavə problemlər yaradır. Bu səbəbdən də Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizminin yaradılması üçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində işlər aparır. Ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalı və onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda, bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçiriləcək. 

Rəşad Şamilov- Baş dövlət vergi müfəttişi: "Birinci növbədə elektron ticarətlə məşğul olan istər fiziki, istərsə də hüquqi şəxslərin elektron portallara nəzartə edən qurumla birgə həmin şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Son zamanlar ümumiyyətlə vergilər nazirlyiində aparılan araşdırmalar nəticəsində e-ticarətlə məşğul olan şəxslərin müəyyən qisminin ümumiyyətlə vergi orqanında uçotda olmadığı bəzilərinin uçotda olaraq dövriyyəsinin göstərilmədiyi aşkar olunmuşdur".

Dünya təcrübəsində e-ticarətlə məşğul olanlardan məcburi qaydada sertifikat alınır. Bu ticarətçilərin müəyyən edilməsi və onların qeydiyyata alınmasını asanlaşdırır. Bizdə bu istiqamətdə xüsusilə İspaniya krallığının təcrübəsi öyrənilir.

Rəşad Şamilov- Baş dövlət vergi müfəttişi: "Vergi ödəyiciləri tərəfindən də müəyyən təkliflər də biz daxil olmaqdadır. Bu yeni bir sahə olduğu üçün  o təkliflərlə bağlı araşdırmalar davam edir. Bununla bağlı xarici təcrübə də araşdırılaraq yekun bir qərar qəbul olunacaq. Biz Vergilər Nazirliyi olaraq vergi ödəyicilərinin bank hesablarına nəzarət edə bilirik. Bu elektron hesab fakturalarının tətbiq olunmasından sonra da malların dövriyyəsinə və həcminə nəzarət edə biləcəyik".

Hazırda dünya üzrə online alış-verişin həcminə görə, Çin birinci yerdədir. 2015-ci ildə bu ölkədə online ticarətin həcmi 562 66 milyard dollar təşkil edib. Müqayisə üçün bildirək ki, qonşu Türkiyədə də onlayn ticarətin həcmi ildə 20 milyard lirə-10 milyard dollara çatır. Bizdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 12,4 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən 3,0 faiz çox istehlak məhsulları satılıb. Ekspertlər bildirir ki, yeni qaydalar tətbiq olunduqdan sonra büdcəyə daxil olan vəsaitlərin həcmi artacaq. Bununla yanaşı online qaydada məhsul alanlar əvvəlkinə nisbətən 30% daha artıq pul ödəyəcəklər. Ancaq bu satışı həyata keçirən şəxslərdən tutulacaq.

Jalə Qurbanova