Bu günə xəbərlərin oxunma sayı: 1103
— 04.12.2016 13:01

Lənkəranda yaradılan meyvəçilik təsərrüfatı fermerlərin gözləntilərini doğruldur

Əsasən sitrusçuluğun geniş yayıldığı Lənkəranda bəzi təsərrüfatılar daha yaxşı gəlir götürmək məqsədilə digər meyvə bağları salmağa başlayıblar. Rayonun Ürgə kəndində  50 ha ərazidə salınan meyvəçilik təsərrüfatı  türk mütəxəssislərinin məsləhət və tövsiyələri əsasında 2011-ci ildə yaradılıb.   Ərik,  gilas, armud, gavalı, heyva və  3 sort şaftalı olmaqla ümumilikdə 8  növ meyvə tingləri İtaliyadan gətirilərək həmin ərazidə xüsusi sxem əsasında əkilib. Təsərrüfatda Xanbulançay su dəryaçasından xətlər çəkilməklə damlama üsulu ilə  müasir suvarma sistemləri də qurulub. 3 ildən sonra ilk məhsul götürən təsərrüfat sahibləri məhsuldarlığın ildən-ilə artdığını deyir.  

Ramiz  Hüseynov- təsərrüfat sahibi: “Gilas bağı 2 ha-dan ibarətdir. Şaftalı 24 ha, heyva  bağı 2 ha, armud 2,5 ha, gavalı 1 ha, ərik sortları 16 ha. Bu ağaclar əkildikdən 3 il sonra məhsula düşdü. İlk ili həmin ağaclardan 6-7 kq. 2-ci il 12 kq, 3 ildən sonra 25, hazırda da 20-25 kq məhsul götürürük. Bu il 350 ton məhsul yığmışıq”.

Satış daha çox yerli və paytaxt bazarlarında həyata keçirilir. Amma qiymətlər ucuz olduğundan fermerlər daxili bazarın onlara sərf etmədiyini bildirir. Fermerlərin dediyinə görə, konserv zavodları da məhsulu çox aşağı qiymətə istədiyindən, bu da onları qane etmir. Buna görə də bu il ilk dəfə olaraq  Rusiya  bazarına məhsul ixrac edilib. Gələcəkdə satışın bu istiqamətdə daha geniş formada təşkili planlaşdırılır.

Ramiz  Hüseynov-  təsərrüfat sahibi: “Bizdə Konfrans armudu var, bu il Moskvaya yola sala bildik. Rusiya bazarlarında müştərilərimiz var. Məhsul çıxarmaq imkanı əldə etsək, tədarük etməyə hazırıq. Qiymətlər hələ ki, bizi qane eləmir. Daxili bazarda çox ucuzdur. Bilirsiniz ki, dava-dərman, gübrələr baha gəlir. ABŞ dolları ilə alırıq. Gələcəkdə Rusiya bazarına çıxarsaq, yəqin ki, qiyməti qaldıra bilərik”.

2017-ci ildə 500 ton məhsul götürülməsi proqnozlaşdırılan təsərrüfatda növbəti illərdə bu göstəricinin daha da artacağı bildirilir.   

Ramiz  Hüseynov- təsərrüfat sahibi: “İnşallah buna nail olacağıq. Burda tələbat çoxdur. 2016-ildə Tinet, Softel deyilən sortlar var, onlara tələbat çoxdur. 2017-də daha çox olacaq. Bakıda tələbat daha çoxdur. 2015-də tələbat az idi. Bu meyvəni tanımırdılar”.

Bu  il  meyvə  bağlarında mövsümi işlər bir qədər gecikib. Buna da səbəb oktyabr ayında yağan intensiv yağışlar oldu. Hazırda təsərrüfatda ağır    budama və dərmanlama işləri aparılır. 

Ramin Qənbərov- aqronom: “Hazırda budamanın son tamamlama işləridir. Qış dərmanlaması gedir. Ən vacibi qış dərmanlamasıdır. Ağacları növbəti mövsümə sağlam keçirmək üçün Borqa məhlulundan istifadə edirik. Çünki bütün patoloji xəstəliklər özünü qış mövsümündən yaza doğru büruzə verir. Bundan başqa, yaz aylarında kölgələnmə, budama, həddən çox məhsul olduqda seyrəltmə aparılır. Bu məhsul ölçüsünü normaya salmaq üçün meyvə seyrəltməsi də aparılır”.

 

Budama və dərmanlama  prosesi başa çatdıqdan bir müddət sonra isə  bağlarda alaq otlarından təmizlənmə işləri aparılacaq.

Ramin Qənbərov- aqronom: “Alaq otlarından mübarizə üçün hava xoş keçərsə, bir azdan herbisid işləri də görüləcək. Bu işlər tamamlandıqdan sonra 20 gün fasilə  verilir. Dekabrın sonlarından başlayaraq hava yaxşı keçərsə herbisid işləri aparılacaq. Alaq otlarında xüsusiyyət var ki, toxum tökülməzdən əvvəl dərmanlama olsun. Toxum tökülərsə yenidən baş qaldıracaq”.

Təsərrüfat sahibləri  meyvə bağlarının ərazisini gələcəkdə daha da genişləndirməyi düşünür. Bu məqsədlə ərazidə tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulub. 

Ramin Qənbərov- aqronom: “Gələcəkdə planımızda var ki, 20 ha-da da meyvə ağacları əkək. Gələcəkdə tingçiliklə də məşğul ola bilərik. Bu bağı gələcəkdə artırıb, öz gücümüzlə tingçilik yaradıb həmin ağacları artırmağı planlaşdırırıq”.

Pərvanə Əliyeva