• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2142
— 28.10.2014 16:20

Gəncədə ağır sənayenin inkişafı günbəgün sürətlənir

Gəncədə ərzaq məhsullarının emalı, tekstil, ağır sənayenin inkişafı günbəgün sürətlənir. Şəhərdə fəaliyyət göstərən istehsal müəssisələrinin sayı isə artır. Bir ilə yaxındır fəaliyyətə başlayan tikinti materialları istehsalı müəssisəsi də onlardan biridir. Xarici təcrübəyə malik işçilərin çalışdığı obyektdə 300 çeşiddə məshul istehsal edilir.  

İsti və soyuq, eləcə də çirkab sularda istifadə üçün diametri 15-dən 60 sm-ə qədər müxtəlif ölçüdə plastik boru və filtrlərin istehsalı ilə məşğul olan müəssisə üç sexdən ibarətdir. Sexlərdə boru istehsalı üçün 2, fitinq istehsalı üçün isə 8 ədəd termoplast quraşdırılıb. Avadanlıqlar Türkiyə, Çin və Almaniyadan gətirilib.

İlkin Heydərov -müəssisənin direktoru: “Zavodun istehsal gücü ayda 350 tondur. Amma hazırki istehsal göstəricimiz 100 tondur. İndiyə qədər müəssisədə 1000 tona yaxın məhsul istehsal edilib. Satışı biz əsasən Bakı, Gəncə və Rusiyaya yönləndirmişik”.

İndiyə qədər istehsal olunan məhsulun 30% xarici, 70% isə yerli bazarlarda istehlak olunub. 55 nəfərin məşğuliyyətini təmin edən müəssisənin başlıca planı ixrac imkanlarının böyüdülməsidir.

İlkin Heydərov -müəssisənin direktoru: “Heç bir il deyil, yeni investisiya qoyulan bir müəssisədir. Bazarın tələbatına uyğun olaraq yəqin ki, gələcəkdə yenidən investisiya yatıraraq istehsal gücümüzü daha da artıracağıq”.

300 çeşiddə məhsul istehsal edən müəssisədə hazırda istifadə olunan xammal Cənubi Koreyadan idxal olunur.

Xəyalə Mürsəl