Bu günə xəbərlərin oxunma sayı: 1345
— 30.11.2016 10:14

Albert Eynşteyn

KepezTV Player

Albert Eynşteyn 1879-cu ildə Almaniyada dünyaya göz açıb. 3 yaşına kimi danışa bilməyən dahi, məktəbdə oxuduğu müddətdə də diqqət çəkən şagird olmayıb. Müəllimləri dəfələrlə valideynlərinə Albert barədə şikayətlər edib, onun gələcəyinin heç də yaxşı olmayacağını söyləyiblər. Buna baxmayaraq, Eynşteyn zaman keçdikcə sahib olduğu dərrakəni onlara göstərməyi bacarıb. Bu barədə məşhur fizik özü belə deyirdi:

“Əslində hər kəs dahidir. Amma siz balığın nəyə qadir olduğunu, onun ağaca dırmanma qabiliyyəti ilə ölçürsünüzsə, o, özü də həyatı boyu axmaq olduğuna inanacaq”.

İlk təhsilini Münhendəki gimnaziyada alan Eynşteyn 1895-ci ildə İsveçrəyə gedir və Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir, 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır.

 “Uğura nail olmağa yox, həyatının mənalı olmasına çalış”.

1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərir.  Elm sahəsində uğurları gündən-günə artan dahi, həyatını bir velosipedə bənzədir və belə deyirdi:

“Həyat velosiped sürmək kimidir. Tarazlığı qorumaq üçün hərəkət etməlisən”.

O, hərəkət edərək qısa zamanda elm dünyasında adından tez-tez bəhs edilən bir şəxsə çevrilməyi bacarıb. 1914-cü ildə Berlin Universitetində professor kimi fəaliyyətə başlayan Eynşteyn Kayzer Vilhelm Fizika İnstitutunda idarəçi, Berlin Humbolt Universitetində isə professor kimi çalışıb. Bu işlərindəki müqavilələrdə onun müəllimlik fəaliyyətini məhdudlaşdıran çoxsaylı müddəalar olsa da, zirvəyə doğru inamlı addımlarla irəliləməsinə heç nə mane ola bilməyib. Beləliklə, cəmi 7 il sonra fotoelektrik təsirin izah olunması haqqında araşdırması ilə Eynşteyn 1921-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

“Əgər siz xoşbəxt həyat yaşamaq istəyirsinizsə, insanlara və əşyalara yox, məqsədə bağlanmalısınız”.

1930-cu illərin əvvəllərində Almaniyada baş verən siyası dəyişiklik əslən yəhudi olan Albert Eynşteynə də öz mənfi təsiri göstərib. Bir neçə yəhudi əsilli alimin kitabları kimi onun da əsərləri yandırılmağa, qadağan olunmağa başladı. Amerikada universitetləri ziyarət edərkən olanlardan xəbər tutan Eynşteyn bütün bu olanlardan sonra bir daha ölkəsinə geri qayıtmayıb.

“Yalnız iki sonsuzluq var: kainat və axmaqlıq. Amma kainat məsələsində əmin deyiləm”.

1933-cü ilin martında Avropaya qayıdan Eynşteyn bir neçə ay Belçikada qalıb. Daha sonra müvəqqəti olaraq İngiltərəyə səfər edib. Həmin il ABŞ-a köçmək qərarına gəlib. Burada müxtəlif nüfuzlu universitetlərdə öz fəaliyyətini davam etdirib.

“İnsan yalnız özünə qalib gələ bildikdən sonra yaşamağa başlayır”.

Eynşteyn müharibədən nə qədər qaçsa da, müharibədə xidməti olan adam olmaqdan qaça bilməyib. 1939-cu ildə macar fizik Leo Slizardın da daxil olduğu qrup nasistlərin atom bombası araşdırması apardığı barədə Vaşinqtona xəbərdarlıq edib. Lakin qrupun xəbərdarlığına ciddi yanaşılmayıb. Eynşteyn nüfuzundan istifadə edərək bu məsələ ilə bağlı Ruzveltə məktub göndərib. Bu xəbərdarlıq ABŞ-a nüvə silahını inkişaf etdirməsi üçün təkanverici qüvvə oldu. Nəticədə ABŞ nüvə silahı yaradan ilk ölkə kimi tarixə düşdü. 1954-cü ildə ölümündən bir il əvvəl Albert Enşteyn dostu Linus Paulinqə belə deyib:

Belə olacağını bilsəydim, bir pinəçi olardım.

Albert Eynşteyn ölüm ayağında olarkən son sözlərini yanında olan italyan tibb bacısına deyib, lakin həmin qadın alman dilini başa düşmədiyindən dahi fizikin vəsiyyətini başa düşməyib. Bəlkə bu da Eynşteynin həyatındakı paradokslardan biri idi...

Mehman Abbaszadə